Topaz Premyer Liqasında çıxış edən “Bakı” klubunun əvəzedici komandasına texniki məğlubiyyət verilib. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” XXXIV tur matçına çıxmadıqları üçün “Simurq” oyun keçirmədən aktivinə 3 xal yazdırıb.
AFFA İntizam Komitəsi “Simurq”la mayın 14-dəki oyun üçün Zaqatalaya yollanmayan “zolaqlılar”a 0:3 texniki məğlubiyyətlə yanaşı, 2500 manat məbləğində də cərimə kəsib.
Bundan əlavə, əvəzedicilərdə həmin turun “Qarabağ” – “Sumqayıt” görüşünün 57-ci dəqiqəsində texniki zona qaydalarını pozan ağdamlıların baş məşqçisi Aftandil Hacıyev də cəzalanıb. O, qarşıdakı turda texniki zonadakı yerini tuta bilməyəcək. Hacıyev həm də klubunu 500 manat ziyana salıb.
Qeyd edək ki, “Simurq”a verilən texniki qalibiyyətdən sonra xallarının sayını 58-ə yüksəldən Zaqatala klubu sona iki tur qalmış liderliyə yüksəlib. İkinci pillədəki “İnter”in aktivində isə 57 xal var.