Avropa Liqasında “Qarabağ”la eyni qrupda çıxış edən “Tottenhem” klubunun baş məşqçisi Maurisio Poçettino komandasının noyabrdakı oyun qrafikinin sıxlığından narahatdı. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, London təmsilçisinin bu ay ərzində qarşılaşmalı olduğu rəqiblərin sırasında “Qarabağ” da var.
Noyabrın 5-də “Anderlext”lə üz-üzə gələcək ingilislər bu görüşdə bir neçə əsas oyunçularının xidmətindən istifadə edə bilməyəcəklər. Belə ki, Nabil Bentaleb, Hun-Min Son və Naser Şadli zədəlidi. Poçettino hər 3 futbolçu ilə bağlı risk etmək istəmir. Onların yoxluğunu və oyun qrafikinin sıxlığını nəzərə alan çalışdırıcı “Anderlext”lə matçda gənc futbolçulardan bir neçəsinə əsas heyətdə şans verməyi planlaşdırır.
“Tottenhem” ayın sonlarında əvvəlcə “Vest Hem” (22 noyabr), ardınca “Qarabağ” (26 noyabr), daha sonra isə “Çelsi” ilə (29 noyabr) üz-üzə gələcək. Poçettino 7 gün ərzində 3 oyunun keçiriləcəyini, üstəlik Azərbaycana uzun yol qət edəcəklərini düşündüyündən, heyətdə rotasiyalar edə biləcəyini təsdiqləyib.
Qeyd edək ki, “Tottenhem”in “Qarabağ”la Londonda keçirdiyi qarşılaşmada ev sahibləri 3:1 hesablı qələbəyə sevinmişdilər.