“Biz nə Vladislav Stoyanovla, nə də onun meneceri ilə danışıq aparmışıq. Ümumiyyətlə, həmin qapıçı maraq dairəmizdə olmayıb”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
Bolqarıstan millisinin qapıçısı Vladislav Stoyanov saytımıza müsahibəsində “ağ-yaşıllar”a keçmək şansının olduğunu desə də, Cəbrayıloğlu bununla razılaşmır. Klub rəsmisinin sözlərinə görə, “Xəzər Lənkəran” Stoyanovla yox, Bolqarıstan yığmasının digər qapıçısı Nikolay Mixaylovla maraqlanıb: “Düzdü, biz bolqarıstanlı qolkiperlə maraqlanmışıq. Həmin qapıçı isə Stoyanov yox, Nikolay Mixaylov olub. Onun həm agenti, həm də özü ilə danışdıq. Amma sonda keçid baş tutmadı. Bir sözlə, Stoyanov heç vaxt transfer siyahımızda olmayıb. O, özündən belə söhbətləri uydurur”.
Cəbrayıloğlu Topaz Premyer Liqasının V turu çərçivəsində “Neftçi” ilə keçiriləcək səfər matçına “Xəzər Lənkəran” azarkeşlərin buraxılmamağına da etiraz edib: “Böyük oyun”larda qonaq azarkeşlərin meydana buraxılmamağı qərarı ötən mövsüm verilmişdi. Amma AFFA yenidən bu qərarı qüvvədə saxladı. Sadəcə, bunu dəyişdirmək olardı. Çünki ötən mövsüm olan əsəb, nifrət artıq soyumuşdu. Çünki derbi oyunu azarkeş olmadan maraqsız keçir. Fanatlar meydanda olmadıqda bu matçın çəkisi azalır. Həm də burda “Xəzər Lənkəran” çox şey itirəcək. Bir şeyi düşünmək lazımdır ki, bizim Bakıda kifayət qədər azarkeşimiz var”.