“Xəzər Lənkəran” Premyer Liqada yaranan fasilə zamanı istirahətini yekunlaşdıraraq hazırlıqlara başlayıb. Apasport.az saytının məlumatına görə, komanda bu gün saat 14:45-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında məşqə çıxıb.
Əvvəlcə iki qrupa bölünüb 10-dəqiqə ərzində qaçan komanda kiçik fasilədən sonra qaçışı yenidən təkrarlayıb. Ardıyca 15-dəqiqə yalnız ötürmələr üzərində çalışan futbolçular bu dəfə üç qrupa bölünərək azsaylı komandalar yaradıblar. Qapılara zərbələrlə yekunlaşan hazırlıq prossesinin ardından cənublular “Emerald” otelinə qayıdıb.
Xatırladaq ki, “Xəzər Lənkəran” noyabrın 12-sinə qədər gündəlik iki dəfə olmaqla Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol meydançasında məşq edəcək.
Qeyd edək ki, Avro-2016-nın seçmə mərhələsi çərçivəsində milli komandanın keçirəcəyi oyunla əlaqədar Premyer Liqada yaranan fasilədə “Xəzər Lənkəran” tam heyətdə hazırlaşa bilmir.
Belə ki, millinin toplantısına qatılan Rahid Əmirquliyev, Rauf Əliyev və Rasim Ramaldanovla yanaşı U-19 yığmasının heyətinə dəvət olunan 17-yaşlı futbolçu Elnur Cəfərov və öz ölkəsinin millisinə çağırılan Alfred Sanko “Xəzər Lənkəran”ın məşqlərinə qatılmırlar. Əvəzində isə əvəzedici heyətdən gətirilən bir neçə futbolçu əsas heyətin hazırlıqlarında iştirak edir.
12cioyuncu.info