“Xəzər Lənkəran”a da qalib gələrik” - MÜSAHİBƏ
21.03.2014 - 00:05
“Xəzər Lənkəran”a da qalib gələrik” - MÜSAHİBƏ

“Qəbələ”nin braziliyalı futbolçusu Lorival Assisin apasport.az saytına müsahibəsi

 

- Ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Qarabağ”a 2:1 hesabı ilə qalib gəldiniz. Oyun haqqında nə deyə bilərsiniz?

- Qarşılaşmanın öncədən çətin keçəcəyini bilirdik. Biz həm müdafiədə, həm də hücumda çox əla oynadıq. Ona görə də növbəti mərhələyə çıxmamızı təmin edən qələbə qazana bildik.

 

- Bu qələbə komandanız üçün çox şirin olmalıdır. Çünki cari mövsüm “Qarabağ”ı məğlub edə bilməmişdiniz...

- Elədir. “Qarabağ” əla oynayır və yaxşı futbolçulara malikdir. Bilirdik ki, bu komandaya qarşı oyunlar çətin keçir. Ancaq bu matçda “Qarabağ”dan yaxşı çıxış etdik. Nəticəsi də göz qabağındadır.

 

- Yarımfinalda rəqibiniz “Xəzər Lənkəran” olacaq. Amma “Rəvan” olsaydı, finala çıxmaq şanslarınız daha real dəyərləndiriləcəkdi. Bu haqda nə düşünürsünüz?

- “Xəzər Lənkəran” da “Qarabağ” kimi Azərbaycanda ənənələri olan güclü bir komandadır. Onlarla oynamaq da çox çətin olacaq. Ancaq hesab edirəm ki, rəqibin kim olmasının fərqi yoxdur. Komandamız bu qaydada oynasa, “Xəzər Lənkəran”a da qalib gələrik. Finala çıxmaq üçün çox çalışacağıq.

 

- Uzun müddət oynamırdınız. “Bakı” ilə çempionat matçında meydana çıxdınız. Futbol üçün çoxmu darıxmışdınız?

- Əlbəttə. Uzun müddət oynamasam da, meydana çıxmağa hazır idim. Çünki çox məşq edirdim. Məşqçi mənə şans verdiyi qədər bacardığımı elədiyimi düşünürəm.

 

- Bayaq dediniz ki, “Qarabağ”ın güclü heyəti var. Aparıcı oyunçularının əksəri braziliyalılardır. Riçard Almeyda və siz eyni vaxtda ölkəmizə gəlmisiniz. Reynaldo və Çumbinyo isə sizdən sonra burda oynamağa başladılar. Bura gələnə kimi onları tanıyırdınız?

- Bəli, Reynaldo və digərləri tanıyırdım. “Qarabağ”ın güclü oyunçuları tək braziliyalılar deyil, azərbaycanlı futbolçular da burda xüsusi qeyd olunmalıdır.

 

Səbuhi TOFİQOĞLU

 

0