“Xəzər Lənkəran”a vurduğu qol 28-ci oldu
03.03.2014 - 13:39
“Xəzər Lənkəran”a vurduğu qol 28-ci oldu

Premyer Liqanın XXIV turunda keçirilən “Xəzər Lənkəran” - “İnter” (1:1) matçında qonaqların heyətində Baçana Sxadadze 32-ci dəqiqədə hesabı penaltidən açıb. Apasport.az saytının məlumatına görə, bu, 28 nömrə altında oynayan gürcü futbolçunun “İnter”in heyətində vurduğu sayca 28-ci qol olub.

Baçananın “Xəzər Lənkəran”ın qapısından keçirdiyi bu qol sonuncunun qapısına vurduğu sayca 4-cü olub. Hücumçu bunadək “ağ-yaşıllar”ın qapısını 3 dəfə dəqiq nişan almışdı. Gürcüstanlı hücumçu daha çox “Rəvan”ın (6 qol) və “Bakı”nın (5) qapısından qol keçirib.

Qeyd edək ki, Baçana “İnter”in heyətində 2011-ci ilin fevralın 19-da MOİK-lə keçirilən oyunda debüt edib. Bu oyun həmin mövsümdə onun “İnter”in heyətində keçirdiyi yeganə qarşılaşma olmuşdu. Ancaq növbəti çempionatda o, 29 oyunda meydançaya çıxmış və 7 qol vurmuşdu. 2012/13 mövsümündə Sxadadze 29 oyun keçirmiş və 8 qolla fərqlənmişdi.

Cari mövsümdə forvard 6 dəfə fərqlənib. O daha 4 qolu Avroliqada vurub və 3 qolu ölkə kubokunda aktivinə yazıb. Bu göstərici ilə forvard hazırda klubun heyətində çıxış edən ən yaxşı bombardirdir.