“Xocalıda baş verənləri komanda yoldaşlarımdan öyrəndim”
26.02.2014 - 18:28
“Xocalıda baş verənləri komanda yoldaşlarımdan öyrəndim”
“Xocalıda baş verənləri komanda yoldaşlarımdan öyrəndim”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun müdafiəçisi Karlos Kardoso deyib.

Topaz Premyer Liqasında mübarizə aparan əksər klublar kimi, “Neftçi” də bu gün Xocalı soyqırımının 22 il dönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Klubun rəsmi saytına açıqlama verən braziliyalı legioner ermənilərin əməllərini vəhşilik adlandırıb: “Açığı, bu vəhşiliklərin insanlar tərəfindən edildiyinə adam şübhə edir. Uşaqları, qocaları, günahsız adamları öldürmək bağışlanmaz bir şeydir. Nəinki Azərbaycanda, bütün dünyada törədilmiş bu kimi cinayətləri pisləyirik. İnanıram ki, vaxt gələcək ədalət öz yerini tapacaq. Bu qədər faciələr yaşamasına və müharibə şəraitində olmasına baxmayaraq, Azərbaycanda idmana və futbola diqqət ayrılır. Biz legionerlərin də borcudur ki, bu ağrılı-acılı günlərdə Azərbaycan xalqının dərdinə şərik olaq”.

“Neftçi”nin digər futbolçusu Elvin Yunuszadə Xocalı soyqırımının bizim qan yaddaşımız olduğunu ifadə edib: “Həmin günü daim xatırlamalı, ermənilərin törətdiyi vəhşiliyi unutmamalıyıq. Günü sabah Ali Baş Komandanımızın əmri ilə butsılarımızı divardan asıb, vətəni yağılardan təmizləməyə hazırıq. Öz adımdan və komanda yoldaşlarım adından Xocalıda yaxınlarını itirmiş bütün insanlara, ümumiyyətlə, Azərbaycan xalqına başsağlığı verirəm və səbirli olmalarını diləyirəm. Onlar əmin olsunlar ki, bu qan yerdə qalmayacaq. Bu gün bütün komanda ilə “Ana harayı” abidəsini ziyarət etdik. İnşallah, təkcə Xocalını yox, bütün işğal altında olan torpaqlarımızı azad edəcəyik”.