“Yığmanız istənilən rəqibi büdrədə bilər”
12.11.2013 - 15:18
“Yığmanız istənilən rəqibi büdrədə bilər”

Noyabrın 15-də Azərbaycan milli komandası ilə yoldaşlıq oyunu keçirəcək Estoniya yığmasının və Rusiyanın “Amkar” klubunun futbolçusu Konstantin Vasilyevin apasport.az saytına müsahibəsi

- Artıq 3 ildir çıxış etdiyiniz “Amkar” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparırsınız. Bunu həyata keçirmək çətin olmayacaq ki?
- Düşünürəm ki, çempionatın birinci dövrəsi bizim üçün böyük ölçüdə uğurlu alındı. Yaxşı futbol oynamağa çalışıb xallar qazanırdıq. Avrokuboklar haqda danışmaq isə hələ tezdir. Qarşıda çox oyun var. Hər şey mümkündür.

- Avrokuboklara çıxmaq üçün “Amkar”a nə lazımdır? Hansı mövqelər gücləndirilməlidir?
- Məncə, buna məşqçilər korpusu cavab versə, daha yaxşı olar.

- Cari mövsüm 11 oyunda 1 qol vurmusunuz. Oynadığınız matçlarda əsasən start heyətində yer alırsınız. Yəqin ki, bu durumunuzdan razısınız...
- Həmişə daha yaxşı ola bilər. Lakin üzülməyə və ya ruhdan düşməyə də səbəb yoxdur. Çalışıram ki, işimi mümkün qədər yaxşı görüm və bununla da komandaya fayda verim.

- Estoniya yığmasının DÇ-2014-ün seçmə mərhələsindəki çıxışını necə dəyərləndirirsiniz?
- Yekunları müxtəlif cür qiymətləndirmək olar. Avro-2012-nin seçmə mərhələsi ilə müqayisədə bu dəfə nəticə uğursuzdur. Amma hər şeyə reallıqla baxsaq, biz özümüzdən güclü komandalarla oynayırdıq. Biz Hollandiyanı təəccübləndirməyi bacardıq. Təəssüf ki. daha çox xal toplaya bilmədik

- Seçmə mərhələ başa çatandan sonra ilk oyununuz Azərbaycana qarşıdır. Millimizlə oynamağınız sizdə hansı hisslər yaradır?
- Rəqibin kimliyinin mənim üçün ciddi fərqi yoxdur.

- Azərbaycan millisi haqda nə bilirsiz? Yığmamızı necə tanıyırsınız?
- Azərbaycan millisi haqda o qədər çox bilmirəm. Son seçmə mərhələdə Portuqaliya və Rusiya ilə eyni qrupda oynayırdı. Bəzi nəticələr də onu göstərdi ki, yığmanız istənilən rəqibi büdrədə bilər.

- Yığmamızın üzvlərindən kimisə tanıyırsınız?
- Azərbaycanlı futbolçulardan heç kimi tanımıram. Bu üzdən kimisə qeyd edə bilmərəm.

- Azərbaycan və Estoniya yığmaları artıq 7 dəfə görüşüb. Sonuncu belə oyun 2002-ci ildə baş tutub. O vaxt siz hələ milliyə çağırılmırdınız. Bəs yığmada olmadığınız vaxt baş tutan görüşlərdən hansınızsa xatırlayırsızmı?
- Təəssüf ki, həmin qarşılaşmalardan heç birini xatırlamıram.

- Rusiya Premyer Liqasındakı yeganə təmsilçimiz Ruslan Abışov “Rubin”in şərəfini qoruyur. Onun haqda nə deyə bilərsiniz?
- Onunla meydanda qarşılaşmamışıq. Buna görə də Abışov haqda heç nə deyə bilmərəm.

- Bəs necə düşünürsüz, hansısa azərbaycanlı futbolçu sizin çıxış etdiyiniz “Amkar”ı gücləndirə bilər?
- Mən elə düşünürəm ki, hər bir ölkədə yaxşı futbolçular var. Ola bilər ki, nə vaxtsa “Amkar”da da Azərbaycandan futbolçu olsun.

- Nə vaxtsa Azərbaycan komandaları ilə və ya futbolçuları ilə yollarınız kəsişibmi?
- Bununla bağlı yadımda qalan ciddi bir xatirəm yoxdur.

- Azərbaycan klublarından nə vaxtsa təklif almısız?
- Konkret təkliflər olmayıb. Hər şey şayiələr və söz-söhbətlər mərhələsində qalıb.

- Gələcəkdə belə təklif olsa necə qarşılayarsınız?
- Mən elə fikirləşirəm ki, hər şey mümkündür. Azərbaycan klubları ilə bağlı variantları da istisna etməzdim.

- Noyabrın 15-də baş tutacaq Estoniya – Azərbaycan oyunu haqda nə düşünürsüz?
- Ümid edirəm ki, noyabrın 15-də çox maraqlı oyun olacaq.

- Azərbaycanla keçiriləcək yoldaşlıq oyunlarında əsas hədəfiniz nədir? Nəticə sizi maraqlandırır?
- Bu qarşılaşma bizim üçün ilin son ev oyunudur. Əlbəttə ki, biz də azarkeşlərimizi gözəl oyun və yaxşı nəticə ilə sevindirmək istəyirik.

- İndi “Amkar”da sizin baş məşqçiniz olan Stanislav Çerçesovun adı vaxtilə Azərbaycan yığmasını çalışdırmağa namizədlərdən biri kimi hallanırdı. Bundan xəbəriniz var? Çerçesov bu barədə heç danışıbmı?
- Çerçesovun Azərbaycan yığmasında çalışmaq variantı olmasını ilk dəfə sizdən eşidirəm. Onun özü də bu haqda heç nə danışmayıb.

- Yarımmüdafiəçi olsanız da, millidə 17 qol vurmusunuz. Belə məhsuldarlığın sirri nədədir? Bu rəqəmi Azərbaycanla oyunda artıra biləcəksinizmi?
- Millidə bu qədər qol vurmağımın nə ilə bağlı olduğunu izah etmək çox çətindir. Əlbəttə ki, Azərbaycanla görüşdə də vurmağım çox xoş olacaq.

Vüqar XEYRULLAYEV