[b]“Zenit” son çempionu büdrətmək iddiasında, “Dinamo” Florensiya səfərində[/b]
22.04.2015 - 18:00
[b]“Zenit” son çempionu büdrətmək iddiasında, “Dinamo” Florensiya səfərində[/b]

Sabah Avropa Liqasında ¼ final mərhələsinin cavab oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, 2 yarımfinalçının adına İtaliyada aydınlıq gələcəyi halda, digər xoşbəxtlər Ukrayna və Rusiyada bəlli olacaq.

 

“Qarabağ”a tanış olan “Dnepr” yarımfinala adlamaq üçün “Brügge”ni mübarizədən kənarlaşdırmalıdı. Belçikadakı ilk oyunda qeydə alınan qolsuz bərabərlik komandaların şanslarının bərabər olduğunu göstərir. “Dnepr”in doğma meydan üstünlüyü varsa, “Brügge” böyük önəm kəsb edən səfər qoluna ümid edir. Qeydə alınacaq istənilən qollu heç-heçə Belçika təmsilçisini yarımfinala daşıyacaq. “Dnepr”in yarımmüdafiəçisi Valeri Fyodorçuk cəzalı olduğu üçün bu oyunu buraxacaq. Ukraynalıların heyətində Zozulya, Mazux, Ejidio və Mateus kimi futbolçular isə zədəlidilər. “Brügge”nin də heyətlə bağlı problemləri var. Qonaqların heyətində isə Engels, Bolinqoli-Mbombo, Duarte və Menye zədədən əziyyət çəkirlər. Onların bu görüşdə iştirakı sual altındadı.

 

Kiyevdə “Dinamo” ilə 1:1 hesablı heç-heçə edən “Fiorentina” cavab matçı öncəsi üstünlüyə sahibdi. Florensiyada qeydə alınacaq qolsuz heç-heçə də Vinçentso Montellanın komandasını yarımfinala daşıyacaq. Ancaq “Dinamo” da İtaliyaya təslim olmaq üçün getməyib. Ukraynalılar da öz növbəsində, mərhələ adlamaq arzusundadılar. “Dinamo”nun heyətində Aleksandr Draqoviç bu oyunda iştirak etməyəcək. Buna səbəb avstriyalı müdafiəçinin cəzalı olmasıdı. Bundan əlavə, Makarenko və Veloso da oyunu buraxa bilərlər. Hər iki futbolçunun zədəsi var. “Fiorentina”nın heyətində isə Rossi, Babakar, Badel və Pizarro zədədən əziyyət çəkirlər. Adıçəkilən futbolçuların “Dinamo” ilə matçda iştirakı sual altındadı.

 

¼ finalçılar arasında yarımfinala ən yaxın komanda “Napoli”di. Almaniyada keçirilən ilk oyunda “Volfsburq” üzərində inamlı qələbə qazanan (4:1) italyanlar cütün taleyini böyük ölçüdə həll ediblər. “Canavarlar”ın Neapolda möcüzə reallaşdıracaqları inandırıcı görünmür. Türkiyəli referi Cüneyt Çakırın idarə edəcəyi qarşılaşmada “Fiorentina” 0:3 hesabı ilə uduzsa belə, mərhələ adlayan tərəf olacaq. Komandaların heyətində cəzalı futbolçu yoxdu. “Napoli”də Qarqano və Miçu, “Volfsburq”da isə Hunt zədəlidi.

 

Gecənin ən maraqlı oyunlarından biri Rusiyada keçiriləcək. “Zenit” doğma meydanda Avropa Liqasının son qalibi “Sevilya”nı qəbul edəcək. Bu komandaların İspaniyada keçirilən ilk duelində ev sahibləri 2:1 hesablı qələbə qazanıblar. Ancaq bu o demək deyil ki, “Sevilya” vəsiqəni təmin edib. Əndəlus klubunu ən azı 90 dəqiqəlik gərgin mübarizə gözləyir. Səfərdə vurduğu qol “Zenit”in işinə yaraya bilər. Belə ki, Sankt-Peterburqda 1:0 hesabı ilə qalib gələcəyi təqdirdə, ruslar adlarını yarimfinala yazdıracaqlar. “Zenit”in heyətlə bağlı problemləri var. Ezekyel Qaray və Aleksandr Ryazantsev cəzalı olduqları üçün komandalarına kömək edə bilməyəcəklər. Zədəli Viktor Fayzulinin isə iştirakı sual altındadı. “Sevilya”nın heyətində isə Daniel Karrisu zədəlidi.

 

23 aprel 

Avropa Liqası, 1/4 final, cavab oyunları

 

00:05 "Dnepr" (Ukrayna) - "Brügge" (Belçika)

Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)

Kiyev. Olimpiya stadionu.

İlk oyun: 0:0 

 

00:05 "Fiorentina" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

Baş hakim: Yonas Eriksson (İsveç)

Florensiya. "Artemio Franki" stadionu

İlk oyun: 1:1

 

00:05 "Napoli" (İtaliya) - "Volfsburq" (Almaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Neapol. "San Paolo" stadionu

İlk oyun: 4:1

 

00:05 "Zenit" (Rusiya) - "Sevilya" (İspaniya)

Baş hakim: Nikola Ritsoli (İtaliya)

Sankt-Peterburq. "Petrovski" stadionu

İlk oyun: 1:2