FİFA-nın milli komandaların oyunları üçün 2016-cı ildəki ilk “pəncərə”si başa çatıb. Apasport.az saytının məlumatına görə, martın 21-29-dək olan 9 günlük müddətdə Azərbaycanla yanaşı, klublarımızda forma geyinən bəzi legionerlər də yığmasının heyətində meydana çıxıb.
Avropa ölkələrinə nəzər salsaq, 4 təmsilçimiz müxtəlif millilərdə forma geyinib. Sergey Zenyov Estoniyada “Qəbələ”ni, Nika Kvekveskiri Gürcüstanda “İnter”i, Ansi Aqolli Albaniyada, İbrahim Şehiç isə Bosniya və Herseqovinada “Qarabağ”ı təmsil edib. Sonuncu ilk dəfə Ağdam klubunun üzvü kimi yığmada oynayıb.
Azərbaycan klublarının üzvlərinin Avropa yığmalarındakı çıxışları tarixinə nəzər salsaq, ilk “qaranquş”ların peyda olduğu 2004-cü ildən indiyədək 10 komandamız belə futbolçuları ilə öyünüb. Şehiç “Qarabağ”lıların çıxış etdiyi xarici yığmaların sayını 5-ə çatdırıb. Bunadək Albaniya, Latviya, Gürcüstan, Makedoniya millilərində də təmsil olunan Ağdam klubu 5-ə çatmaqla, rekorda yaxınlaşıb.
Bu göstəricidə mütləq rekord isə Bakı “İnter”inə məxsusdu. “Bankirlər” Avropanın 6 yığmasına oyunçu göndərib. Bunlar Latviya, Gürcüstan, Estoniya, Litva, Belarus və Makedoniyadı.
AZAL (Moldova, Latviya, Albaniya, Litva, Makedoniya) və “Qəbələ” (Estoniya, Sloveniya, Serbiya, Latviya, Bosniya və Herseqovina) “Qarabağ” kimi 5 xarici yığmada təmsil olunub. “Neftçi” (Estoniya, Makedoniya, Moldova Litva), “Xəzər Lənkəran” (Estoniya, Moldova, Makedoniya, Latviya) və “Bakı” (Latviya, Litva, Moldova, Gürcüstan) hərəyə 4 ölkədə yığma üzvünə malik olub.
Tarixin yaddaşına köçən 3 klubumuz isə daha az ölkədə təmsilçisi olmasıyla öyünüb. “Simurq”un üzvləri Latviya, Litva, Moldova, “Standard”lılar Moldova, Gürcüstanda oynayıbsa, “MKT-Araz” yalnız Makedoniyaya oyunçu göndərib.
Latviyada 7 klubumuzun üzvləri çıxış edib. Bunlar “Qarabağ”, “Xəzər Lənkəran”, “Qəbələ”, “Bakı”, “İnter”, AZAL VƏ “Simurq”du. Moldovaya 6 klubumuzun “Xəzər Lənkəran”, “Neftçi”, AZAL, “Bakı”, “Simurq” və “Standard”ın oyunçuları yollanıb.
Makedoniyada da 6 komandamız – “Neftçi”, “Xəzər Lənkəran”, “MKT-Araz”, “İnter”, AZAL və “Qarabağ” təmsil olunub. “Simurq”, AZAL, “Inter”, “Bakı” və “Neftçi” Litva millisinə oyunçu ezam edib. “Qarabağ”, “Bakı”, “İnter” və “Standard”ın oyunçuları Gürcüstan yığmasında çıxış edib. Estoniyada da bu rəqəm 4-dü. “Neftçi”, “Xəzər Lənkəran”, “Qəbələ” və “İnter” Baltikyanı ölkə təmsilçisinə futbolçu verib.
4 və daha çox klubumuzun üzvləri ilə güclənən bu 6 yığmadan fərqli, digər millilər bir neçə komandamızın heyətinə göz dikib. Albaniya ilə Bosniya və Herseqovina hərəyə 2, Sloveniya, Serbiya, Belarus isə cəmi 1 klubun üzvünə rəsmi matçlarda şans verib.