[b]20-ci oyunda 25-ci qol[/b]
29.04.2018 - 17:11
[b]20-ci oyunda 25-ci qol[/b]

Topaz Premyer Liqasının XXV turunda “Kəpəz”i qəbul edən “Qəbələ” 3:0 hesablı qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, bu, komandaların Azərbaycan çempionatları tarixində 20-ci dueli olub.

 

Doğma azarkeşləri önündə 3 cavabsız qol “Qəbələ”nin “Kəpəz” üzərində 9-cu qələbəsi ilə yadda qalıb. Digər 11 matçın 6-da gəncəlilər 3 xala seviniblərsə, 5 qarşılaşmada bərabərlik qeydə alınıb.

 

“Qəbələ” top fərqində də rəqibindən uzaqlaşıb. Dünənki qarşılaşmada Cavid Hüseynovun 45-ci dəqiqədə vurduğu sonuncu qol “Qəbələ”nin “Kəpəz”in qapısından keçirdiyi 25-ci top olub.

 

Diqqətçəkən məqamlardan biri də 3 oyundan sonra, nəhayət ki, tərəflərin duelində ev sahibləri qalibiyyətə, hətta xala sevinib. “Qəbələ” eyni zamanda 2016-cı ilin dekabrından bəri ilk dəfə “Kəpəz”i öz meydanında üstələyib. Sadəcə, bu müddət ərzində dünənki matça qədər komandalar Qəbələdə cəmi 1 dəfə üz-üzə gəlmişdilər ki, ötən ilin sentyabrındakı görüş qonaqların qələbəsi ilə (2:0) nəticələnmişdi.

 

Son iki səfər qələbəsini də nəzərə alsaq, “Qəbələ” ardıcıl 3-cü matçda da “Kəpəz”i xala həsrət qoyub.