“Əl-Cəzirə Türkiyə”nin idman şöbəsinin müdiri Barış Kuyuçu “Qarabağ” haqqında yazı hazırlayıb. Apasport.az saytının məlumatına görə, türkiyəli yazar Topaz Premyer Liqasının son qalibi və hazırkı liderinin tarixini vərəqləyib, 22 ildi Ağdamdan kənarda məskunlaşmasına toxunub.
Müəllif yazısına Avropa Liqasının qrup mərhələsində İtaliya “İnter”i ilə son matçında vurulan qolun qeydə alınmamağı üzündən mübarizəni dayandırmasını xatırlatmaqla başlayıb: “Bir çox futbolsevərlər bu komandanı ötən mövsüm Avropa Liqasında İtaliya “İnter”inə vurduğu qol hesaba alınmayan və bəxtsizlik üzündən mübarizəni dayandıran Azərbaycan klubu kimi tanıyır. Amma “Qarabağ”ın tarixi xeyli əvvəllərə qədər uzanır. Bu tarixdə təkcə filmlərin mövzusuna çevrilən acılar deyil, bacardıqları da yer alıb ki, bunla da ilham verir”.
Kuyucu klubun 22 il əvvəl üzləşdiklərinə də toxunub: “Ermənilərin Ağdamı işğal etdiyi 1993-cü ildə “Qarabağ” inanılmazı gerçəkləşdirib, həm ölkə çempionatı, həm kubokunu qazandı. Ağdamlıların qüruru olan komanda qızıl medalları qazanan ilk əyalət təmsilçisi oldu. Amma komanda bu zəfərini də bayram edə bilmədi. Müharibə sevinci yerlə yeksan etmişdi. “Qarabağ”ın Ağdamdakı “İmarət” stadionu bombalanıb, yox oldu, futbolçuları isə müharibəyə yollandı. Sahibsiz qalan klub oyunlarını ölkənin qərbindəki müxtəlif yerlərdə keçirməli oldu. Bütün bu sıxıntılara baxmayaraq, komanda çempionatdakı çıxışına ara vermədi”.
Yazar “Azərsun”un kluba sponsorluğu və Tahir Gözəlin vitse-prezidentliyinin uğurlara apardığını qeyd edib: “2001-ci ildə kluba sponsor olan “Azərsun” komandanın Bakıda məskunlaşmasına nail oldu. Bu sponsorluq klubun gələcəyini dəyişdi. Aşağı yaş qruplarına yatırımlar qoyuldu. Qarabağın Azərbaycan üçün həssaslığını anlayanlar klub üçün qazandırıldı. Sərpil Həmdi Tüzün kimi mütəxəssis kluba dəvət edildi. Türkiyə futbolu üçün ulduzlar yetişdirən məşqçi 2004-cü ildən “Qarabağ”da çalışmağa başladı. Klubda 1 il çalışan mütəxəssis sonradan da dəstəyini əsirgəmədi. Klubun bəxti həm də ankaralı iş adamı, ötən əsrin 90-cı illərindən Azərbaycanda yaşayan Tahir Gözəlin burada olmasında da gətirdi. Öz düşüncələriylə Türkiyə liqalarının klub rəhbərlərindən üstün olan Gözəl “mütləq qələbə” dalınca düşməyib, sevgi, yoldaşlıq, “Qarabağ” ruhunu vacib tutub. “Məqsədimiz çempionluqdan daha çox hamının sevib, dəstəklədiyi klub olmaqdı. Azərbaycanlıların Qarabağ acısı və həsrətinin bu klubla bir az azalmasını istəyirik. Bu komanda çox əziyyət çəkib. Qarabağ adını yaşatmaq daha önəmli idi. Azərbaycanda ən çox sevilən və dəstəklənən komandayıq”.
Kuyucu 7 ildi komandanın baş məşqçisi olan Qurban Qurbanovun əməyinə də toxunub: “Azərbaycan millisinin tarixinin ən yaxşı bombardiri olan Qurbanov 2008-ci ildə gəldiyi “Qarabağ”a 21 ildən sonra 2-ci çempionluğu qazandırdı. İndi isə ardıcıl 2-ci, ümumilikdə 3-cü çempionluğun astanasındadılar. Onlar son turda əzəli rəqibi “Neftçi”ni 3:2 hesabı ilə məğlub edib, sona 5 tur qalmış liderliyini daha da möhkəmləndirib. Qarşılaşmanı Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki ilə birlikdə izlədim. O, “Qarabağ”ın çempionatın orta səviyyəsindən yüksəkdə olduğunu qeyd etdi. “Real” və “Barselona”da çıxış edən, Türkiyədə “Kayserispor”u da çalışdıran xorvatiyalı “Qarabağ”dakı komanda oyununu başqa klubda görmədiyini vurğuladı: “Onlar ölkə futbolunun səviyyəsini yüksəldirlər. Milli komandaya futbolçu qazandırırlar. Onların uğurlarını alqışlamamaq mümkün deyil”.
Həmkarımız klubun gələcəyi haqda da bəhs edib: “Ötən il Avropa Liqasında özündən söz etdirən “Qarabağ” bu il də Avropa Oyunlarından sonra dəyişəcək ölkəsini dünyaya göstərmək istəyindədi. “Bavariya”ya məxsus “Alyans Arena”ya bənzəyən stadion, baza avropalıları gözləyir. 22 ildi səfərdə oynayan, stadionları başqa komandalarla paylaşmağa məcbur olan klub sponsoru “Azərsun”un onlara qazandırdığı yeni stadiona qovuşacaq. 5800 tamaşaçı tutan arena 9 aya yaxın müddətdə hazır olmağa yaxın vəziyyətə çatıb. Avropa səviyyəli baza isə artıq komandanın sərəncamındadı. Bu komanda yaşadıqları, bacardıqları, prezidenti, rəhbərliyi, bazası və xəyalları ilə özünü sevdirir. Türkiyə Superliqasının gərginliyindən bezmiş azarkeşlər artıq alternativsiz deyil. “Qarabağ” mənim, sizin, hamımızın olmağı haqq etmir ki?