Sentyabrın 30-da start götürən futzal üzrə Yüksək Liqada mövsümə mayın 15-də keçirilən XXVIII turun oyunları ilə yekun vurulub. Apasport.az saytının Azərbaycan Futzal Federasiyasının feysbuk səhifəsinə istinadən məlumatına görə, bu müddət ərzində 84 oyun keçirilməli idi ki, “Xəmsə”nin son iki turda meydana çıxmaması göstəricini 82-yə endirib.
Ən çox qol vuran...
Mövsüm ərzində 665 qol vurulub ki, ən çox rəqib qapısına yol tapan “Araz” olub – 148 qol. Bu göstəricidə autsayder hamıdan geri qalıb. “Xəmsə” cəmi 49 qol vurmağı bacarıb.
...Ən az buraxan...
Ən etibarlı müdafiə xətti çempiona məxsusdu. Alesionun drujinası 24 oyunda qapısından 34 top buraxıb. Autsayder “Xəmsə” həm də topu qapısından ən çox çıxarmaqla yadda qalıb.
...Ən çox qələbə qazanan...
Yüksək Liqada komandaların hər biri 24 oyun keçirib. Ən çox qələbə sevincini də elə “Araz” yaşayıb. Bu komanda 21 matçdan maksimum xalla ayrılıb.
...Ən az uduzan
“Araz” cəmi 1 oyunda meydanı xalsız tərk edib. Çempion titulu təmin etdikdən sonra aprelin 28-də keçirilən XXVI turun oyununda uğursuzluqla üzləşib. Olimpik Starda baş turan dueldə Alesionun komandası “Marafon Futsal”a yenilib - 4:6. “Araz” iki oyunda da xalları yarı bölüb. Ümumiyyətlə, mövsüm ərzində çempionu büdrədən ilk komanda “Neftçi” olub. VI turun oyununda sona 22 saniyə qalmış Məhəmməd Katebinin qolu “status-kvo”nu bərpa edib - 2:2. “Araz”dan sonra məğlubiyyət qrafasında ən aşağı göstərici gümüş medalçı “Marafon Futsal”a məxsusdu. Debütant 6 qarşılaşmada yenilib ki, bunlardan 3-ü “Araz”la dueldə qeydə alınıb. Digər 3 məğlubiyyətdən biri “Neftçi”nin, digəri isə EKOL-un payına düşür. “Yasamal” da debütantı yenməyi bacaran komandalar sırasındadı.
Qələbəsiz “Xəmsə”
Yüksək Liqada mövsümü qələbəsiz başa vuran yeganə komanda “Xəmsə” olub. Bu komanda heç bir oyunda 3 xal sevinci yaşamayıb. Arif Vəliyevin komandası cəmi 2 oyunda heç-heçə etməklə xal hesabı 2-yə çatdırıb. 22 oyunda isə məğlub olublar. Qələbə qrafasında ən az göstərici “Yasamal”a məxsusdu. Əsasən iranlı legionerlərdən qurulan komanda 5 oyunda qələbə sevinci yaşayıb.
Erkən və ən gec vurulan qollar
Mövsümün erkən qolu hakimin start fitindən cəmi 24 saniyə sonra vurulub. XX turun “Xəmsə” – EKOL oyununda Samir Həmzəyev buna nail olub. Həmin oyunda 6 qol vuran futzalçı komandasının 18:3 hesablı qələbəsində müstəsna rol oynayıb. II turda baş tutan “FK.İtaldizain Futsal” – EKOL oyununda Namiq Məmmədkərimovun komandasına qələbə qazandıran yeganə qol isə ən gec vurulandı. Belə ki, həmin qolu izləmək üçün 37:40 saniyə gözləmək gərəkib.
Bol qollu oyun...
Ən çox qol XX turda keçirilən “Xəmsə” – EKOL oyununda vurulub. Nominal meydan sahibləri 3, qonaqlar isə 18 dəfə rəqib torunu silkələyib. İki qarşılaşmada isə 1 dəfə top qapı xəttini keçib. Hər iki oyunda tərəflərdən biri “FK. İtaldizain Futsal” komandasıdı. Bu II turun “FK.İtaldizain Futsal” - EKOL və XV turun “Marafon Futsal” – “FK.İtaldizain Futsal” oyunlarıdı.