Azərbaycanda keçiriləcək 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinin püşkatmasına 4 gün qalıb. Apasport.az-ın məlumatına görə, UEFA-nın rəsmi saytı tədbir öncəsi püşkatma mərasimi və arxada qalan elit-raundla bağlı maraqlı məqamları açıqlayıb.
Həlledici mərhələdə çıxış edəcək 16 komandadan 15-i aprelin 8-də baş tutacaq tədbirə qatılacaq. Azərbaycan millisi isə A qrupunun birincisi kimi rəqiblərini gözləyir.
Püşk zamanı yığmalar iki səbətə bölünəcək. 1-ci səbətdə elit-raundda qrup qalibi olan 8 komandadan 7-si yer alacaq. Bunlar Danimarka, Ukrayna, İtaliya, Almaniya, Portuqaliya, Fransa, Serbiyadı.
“7-lik”dən biri Azərbaycan yığması ilə eyni qrupda yer alacaq, digərləri isə B, C və D qruplarına cütlük təşkil edəcək.
Qrup qalibləri arasında ən zəif nəticə göstərən Belçika, həmçinin 2-ci yer sahibləri – Şotlandiya, İngiltərə, Bosniya və Herseqovina, Hollandiya, İsveç, Avstriya, İspaniya isə 2-ci səbətdə yer alıb. Öz qrupunda ikinci olanlar arasında ən zəif nəticə göstərən Polşa isə Azərbaycana vəsiqə qazana bilməyib. Hər qrupa bu səbətin komandalarından ikisi düşəcək.
2001-ci ilədək keçirilən U-16-lar arasında Avropa çempionatını nəzərə almasaq, ölkəmizdəki turnir yeniyetmələrin 15-ci – yubiley final mərhələsi olacaq. Çünki 1980-2001-ci illərdə 16, 2001-ci ildən sonra 17 yaşadək futbolçular qitə çempionatında çıxış edib. 18 dəfə U-16, 14 dəfə isə U-17-lər ən güclünü müəyyənləşdirib.
Son 15 ili nəzərə alsaq, Bakıdakı turnirə qatılacaq Fransa, İngiltərə, Hollandiya və İspaniya hərəyə 2 dəfə çempion olub. Onlar ölkəmizə U-17-lərin yarışındakı 3-cü titul üçün gələcək. Fransa həm də ötənilki titulunu qorumalıdı.
Yarışa qatılacaq daha iki komanda – Portuqaliya və Almaniya əvvəllər də qitə çempionu olub. Onlar Bakıda 2-ci titul üçün mübarizə aparacaq.
Əvvəlki turnirlərdə 9 yığma çempion olub. Bu isə o deməkdi ki, yeni qalib bu rəqəmi 10-a çatdıracaq. Lakin çempionlardan üçü - buna iki dəfə nail olan Rusiya, həmçinin İsveçrə ilə Türkiyə bu dəfə final mərhələsinə qatılmayacaq.
İngiltərə rekord sayda – 11-ci dəfə final mərhələsində çıxış edəcək. Fransa, Hollandiya və İspaniya isə 10-cu cəhdini gerçəkləşdirəcək. Azərbaycanda mübarizə aparacaq yığmalardan ikisi tarixində ilk dəfə U-17-lərin final mərhələsində oynayacaq Bunlar meydan sahibi olan millimiz, həmçinin seçmə və elit mərhələləri adlayan Bosniya və Herseqovinadı Bununla da son ildə həlledici turnirdə iştirak edənlərin sayı 38-ə çatır. UEFA-ya üzv digər 16 ölkə isə debütünü hələ də gözləməlidi.
Qeyd edək ki, seçmə və elit raundlardan sonra yarışın bombardiri 7 qol vuran portuqaliyalı Joau Filipedi.