Topaz Premyer Liqasının XXXIV turunda çempion və gümüş mükafatçının rəsmiləşməsi son 2 turu böyük ölçüdə formallığa çevirib. Apasport.az saytının məlumatına görə, həm Çempionlar Liqasına, həm də Avropa Liqasına vəsiqələrin sahibləri ilə yanaşı, aşağı dəstəyə yuvarlanan komanda da bilindiyindən son 8 qarşılaşma ciddi önəm kəsb etmir.
Düzdü, mövsümün finişi hələ 5 suala aydınlıq gətirməlidi. Bunlardan da ən önəmlisi bürünc medalçının adıdı.
“Qəbələ” və “Neftçi” ilk “üçlük” uğrunda mübarizəni davam etdirəcək. 4 xal öndə olan əyalət klubu 1 matç artıq keçirib. Qarşıdakı turda istirahət edəcək Roman Qriqorçukun yetirmələrinin 3-cü olması elə bu həftə rəsmiləşə bilər. Bunun üçün “Neftçi”nin “Bakı”ya uduzması lazımdı. Əks halda isə hər şey “Qəbələ”nin “Sumqayıt”, “Neftçi”nin AZAL-ı qəbul edəcəyi son turda bilinəcək.
“Simurq”la AZAL isə 5-ci yer üçün vuruşacaq. 3 xal öndə olan zaqatalalılar qarşıdakı şəxsi dueldə məğlub olmasa, mövsümü “beşlik”də tamamlayacaq. Bakılılar isə rəqibini məğlub etməli və son tura ümid bağlamalıdı. XXXVI turda AZAL “Neftçi”nin, “Simurq” “Xəzər Lənkəran”ın qonağı olacaq.
5-cilik arzusunda olan “təyyarəçilər” indi qərarlaşdığı 6-cı pilləni də qorumağa çalışacaq. Onlar mövqeyini 4 xal qabaqladığı “Xəzər Lənkəran”a verməmək üçün son 2 oyunda sərfəli nəticə əldə etməlidi. Əvvəl “Simurq”, ardınca “Neftçi” ilə görüşəcək Tərlan Əhmədovun yetirmələri “Sumqayıt”ın qonağı olub, “Simurq”u qəbul edəcək cənubluların xal itirəcəyi halda da 6-cı yerdə qalacaq.
“Xəzər Lənkəran” “Sumqayıt” isə 7-ci yer uğrunda da mübariz aparır. Bu həftə üz-üzə gələcək komandaların qarşılaşmasında qazanılacaq 1 xal cənubluları 8-ci pilləyə düşməkdən qurtaracaq. Lənkəran təmsilçisi 2 və daha çox qol vurub, minimal fərqlə uduzsa da, sumqayıtlılar üçün əlçatmaz olacaq. “Gənclik şəhəri” təmsilçisi sərfəli nəticəylə qalib gəlsə, 8-ci olmamaq üçün mübarizə son turadək davam edəcək.
Daha bir titul uğrunda mübarizə isə ən yaxşı bombardir adını qazanmaqdan ibarətdi. Əslində, “Bakı”nın futbolçusu Nurlan Novruzovun zirvəni əldən verəcəyi inandırıcı deyil. 15 qolu olan hücumçunun böyük üstünlüyü belə deməyə əsas verir. Düzdü, cəmi 1 top geridə olan Draqan Çeranın çıxış etdiyi “Simurq” son iki turda daha asan rəqiblərlə oynayır. Amma serbiyalı artıq klubundan ayrıldığından AZAL və “Xəzər Lənkəran”la oyunlarda qol hesabını artıra bilməyəcək. Bürünc iddiaçıları “Neftçi” və “Qəbələ” ilə görüşlərdə qol vurması çətin olan Nurlan da əlçatmaz qalacaq.
11 qol vuran Cavid Hüseynovla (“Qəbələ”) Nikolas Kanales (“Neftçi”), həmçinin 10 dəfə fərqlənən Reynaldo (“Qarabağ”) bundan sonra yalnız 1 oyun keçirəcəyindən onlardan ikisinə poker, sonuncusuna penta-trik lazımdı. Bu isə ayrı-ayrı futbolçuların məhsuldarlığının aşağı olduğu çempionatda inandırıcı görünmür.
Bu turda istirahət edəcək “Qəbələ” son oyunda “Bakı” ilə qarşılaşacaq. Cavid Nurlanla dueldə 4 dəfə fərqlənməlidi. Novruzovun komandası ilə matçı cəza üzündən buraxacaq Kanales AZAL son turun qəhrəmanı olmalı - ən azı 4 top vurmalıdı. Reynaldo isə bunu “İnter”lə dueldə etməlidi. Çünki son turda “Qarabağ” istirahət edəcək. “Sumqayıt”ın 10 qol vuran legioneri Məhəmməd Qurbanovun 2 oyun keçirməsi əlavə üstünlükdü. Nurlana çatmaq üçün 5 qol vurmalı olan milliləşən futbolçu “Xəzər Lənkəran”la və “İnter”lə ev qarşılaşmalarında məhsuldarlıq göstərməlidi.
Qeyd edək ki, XXXV tur mayın 22-də, XXXVI tur isə 28-də keçiriləcək.