“Azərbaycan fərqli mədəniyyətə malik, amma müasir ölkədi. Mənim üçün orada yaşamağa heç bir problem yoxdu. Bakı gözəl şəhərdi. Bu ölkənin sürətlə inkişaf etdiyini etiraf etmək lazımdı”. Apasport.az xəbər verir ki, bu sözləri Slovakiya mətbuatına müsahibəsində “Qəbələ”nin legioneri Pavol Farkaş deyib.
İtaliyada karyerasının uğursuz alınmasından və Azərbaycana gəlişindən danışan futbolçu bildirib ki, ölkəmiz onu təəccübləndirib: “Təəssüf ki, İtaliyada karyeram uğurlu alınmadı. “Kyevo”da möhkəmlənə bilmədim. Hər an dəyişikliklərə hazır olmalıyıq. Azərbaycana gəlişim Dorinel Muntyanunun sayəsində oldu və “Qəbələ” ilə müqavilə bağladım. Bu ölkənin futbolu isə məni yaxşı mənada təəccübləndirdi. “Qarabağ”ın Avropa Liqasındakı uğurlu çıxışı və qrup mərhələsində mübarizə aparması burada güclü komandaların olmasından xəbər verir. “Qəbələ”yə gedəndə düşünürdüm ki, Azərbaycanda güclü klublar yoxdu, futbol ölkəsi deyil. Azərbaycanda yaxşı stadionlar var. Lakin oyunlara azarkeş marağı azdır. Demək olar ki, matçlarımızı boş stadionlarda keçiririk. Yalnız “Qəbələ”nin evdə keçirdiyi qarşılaşmalara 2-3 min tərəfdar gəlir. Məncə, biz uğur qazandıqca insanların da marağı artacaq”.
Slovakiyalı futbolçu Qəbələdə klub üçün yaradılan şərait haqqında da fikirlərini bildirib: “Klubumuzun əla bazası var. Aşağı yaş qruplarına yüksək səviyyədə şərait yaradılıb və onlara nəzarət olunur. Bütün komandalar üçün əla ot örtüyü olan stadionlar düzəldilib. Bütün bunlar komandanın qarşıda daha da güclü olacağından xəbər verir”.
29 yaşlı mərkəz müdafiəçisi komandasının “Qəbələ”nin turnir cədvəlinin 4-cü pilləsində qərarlaşmasını heyətin yeni olması ilə əlaqələndirib: “Yayda bu komandada köklü dəyişikliklər oldu. Bir çox futbolçular heyətdən ayrıldı və yeniləri gəldi. Yəni, biz yeni qurulmuş komandayıq və buna görə də 4-cü pilləni qənaətbəxş saymaq olar. Çempionatın əsas hissəsi qarşıdadı. Əsas odu ki, özümüzə gələnə qədər lider komandalardan uzaq düşməməliyik. Hər şey mövsümün sonunda görünəcək”.
Təcrübəli futbolçu Slovakiya millisinə çağırılmasına görə yığmanın baş məşqçisi Yan Kozaka təşəkkür edib: “Millidə oynamaq hər bir futbolçu üçün xoşdu. Baş məşqçi Yan Kozak sağ olsun ki, Azərbaycanda oynasam da, məni unutmayıb. İnanıram ki, heyətə düşə biləcəyəm. Yığmada mənim mövqeyimdə yer alan səviyyəli futbolçular var. Amma ümid edirəm ki, mən də şans qazana biləcəyəm”.