[b]“3-4 yüksək səviyyəli futbolçu alınsa, bəs edər”[/b] - Adrian Skarlatake
17.04.2015 - 12:48
[b]“3-4 yüksək səviyyəli futbolçu alınsa, bəs edər”[/b]  - Adrian Skarlatake

“Xəzər Lənkəran”ın rumıniyalı müdafiəçisi Adrian Skarlatakenin apasport.az saytına müsahibəsi

 

 

- Digər komandalardan fərqli, “Xəzər Lənkəran” bu tur istirahət edir. Komandada vəziyyət necədi?

- İstirahət verildiyindən, Rumıniyaya getmişdim. İki gündü qayıtmışam. Məşqlərə başlamışıq, hər şey qaydasındadı. Komandada əhval-ruhiyyə yüksəkdi.  

 

- Topaz Premyer Liqasının XXXI turu çərçivəsində “Qəbələ”ni qəbul edəcəksiz. Komandanız bu oyunda sərfəli nəticə qazana bilər?

- Öz meydanımızda oynayacağıq. Bu onu göstərir ki, 3 xal qazanmaq şansımız var. Çətin olacaq, lakin biz komandamıza inanırıq. Qələbə üçün hər şeyi edəcəyik.

 

- “Neftçi” ilə əzmkar heç-heçədən sonra lənkəranlı azarkeşlər bu görüşdə də sizdən yaxşı nəticə gözləyəcəklər…

- Doğrudu. “Qəbələ” asan rəqib deyil, onlarla oyunlarımız həmişə çətin keçir. Bu dəfə daha çətin olacaq. Çünki 3 futbolçumuz - Rahid Əmirquliyev, Alfred Sanko və Elşən Rzazadə cəzalı olduqları üçün matçı buraxacaqlar. Bu bizə problem yarada bilər. Çünki indiki məqamda hər bir futbolçuya ehtiyacımız var.

 

- Yeri gəlmişkən, “Neftçi” ilə oyunda qeydə alınan nəticəyə görə futbolçulara pul mükafatı verildimi?

- Biz yalnız qələbə qazananda mükafat alırıq.

 

- Necə düşünürsüz, “Xəzər Lənkəran”da forma geyinən gənclərdən hansıları növbəti mövsümdə də komandada özünə yer tapa biləcək?

- Ad çəkməyim düz çıxmaz. Ancaq düşünürəm ki, bir neçə gənc futbolçumuz növbəti mövsümdə də komandaya kömək edə bilərlər. Sadəcə, onların vaxta və oyun praktikalarını artırmağa ehtiyacları var. Tam səmimi deyirəm, hər biri ayrı-ayrılıqda bacarıqlıdı.

 

- “Xəzər Lənkəran”ın yayda transferlər edib, heyətini gücləndirəcəyi gözlənilir. Əgər klub strategiyasını dəyişməsə, bu, sizin komandadakı aqibətinizə təsir edə bilərmi?

- Ümid edirəm ki, yayda komandaya yeni futbolçular gətiriləcək. Çünki hazırkı heyətlə çempionluğa və ya kuboku götürməyə iddia etməyimiz çətindi. Məncə, çox yeni oyunçuya ehtiyacımız yoxdu. 3-4 yüksək səviyyəli futbolçu alınsa, bəs edər.

 

- “Xəzər Lənkəran”la gələn ilin yayına kimi müqaviləniz var. Maraqlıdı, başqa klublardan təklif almısızmı?

- Qeyd etdiyiniz kimi, klubla müqaviləm var. Ən azı, sözləşməmin sonuna qədər “Xəzər Lənkəran”da qalmağı düşünürəm. Ondan sonrasına baxarıq. Hazırkı məqamda məni yalnız “Xəzər Lənkəran” maraqlandırır.

 

- Artıq neçə ildi karyeranızı Azərbaycanda davam etdirirsiz. Əksəriyyət əvvəlki illərlə müqayisədə Topaz Premyer Liqasının səviyyəsinin gerilədiyini düşünür. Siz bu fikirlə razısızmı?

- Xeyr, razı deyiləm. “Qarabağ” ötən il Avropa Liqasında yaxşı nəticəyə imza atdı. Məncə, çempionatın səviyyəsi ildən-ilə azalmır, əksinə yüksəlir. Əvvəlki mövsümlərlə müqayisədə indi çempionluq mübarizəsi aparmaq daha çətindi. Hətta autsayder komandalara qalib gəlmək də qəlizləşib. “Qarabağ” və “Neftçi”nin son 2-3 il ərzində avrokuboklarda göstərdiyi nəticələr hər şeyi izah edir.

 

Tengiz MƏMMƏDOV

 

 
0