“Məqsədimiz Çempionlar Liqasının qrup mərhələsində iştirak etməkdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kopenhagen”in kapitanı Uilyam Kvist deyib.
Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsində “Vardar”ı mübarizədən kənarlaşdıran Danimarka təmsilçisi pley-offda “Qarabağ”la qarşılaşa bilər. “Kopenhagen”in potensial rəqibləri sırasında, həmçinin “Slaviya” (Çexiya), “Riyeka” (Xorvatiya), “Hapoel Ber-Şeva” (İsrail) və “Astana”nın (“Qazaxıstan”) adı var.
Xarici mətbuata açıqlama verən Kvist maraqlı fikir səsləndirib. 32 yaşlı dayaq yarımmüdafiəçisi “Kopenhagen”in indiki məqamda o qədər də güclü olmadığını etiraf edib: “Əvvəlki qədər güclü deyilik. Açığı, püşk baxımından bəxtimiz gətirdi. Bu, bizim üçün müsbət məqamdı. Çempionlar Liqasının qrup mərhələsinə adlamaq istəyirik. Kollektiv olaraq qarşıya qoyulan tapşırığın öhdəsindən gəlməliyik”.
Qeyd edək ki, Kvist 2015-ci ildən “Kopenhagen”in formasını geyinir. Təcrübəli futbolçu 2007-ci ildən dəvət aldığı Danimarka millisində 66 matçda 2 dəfə fərqlənib.