[b]“Ağ-qara” həsrət, yaxud Vobayın beşi...[/b]
10.04.2015 - 10:35
[b]“Ağ-qara” həsrət, yaxud Vobayın beşi...[/b]

“Neftçi” Lənkəran şəhər stadionundakı qələbə həsrətinə son qoymaq imkanını əldən verib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIX turunun “Xəzər Lənkəran”la dünənki oyununda 2 top fərqi ilə önə keçməsinə baxmayaraq, “ağ-qaralar” üstünlüyünü sonadək qoruya bilmədilər.

 

Qarşılaşmanın 2:2 hesabı ilə nəticələnməsi ilə paytaxt təmsilçisi Lənkəran şəhər stadionundakı 13-cü “Böyük oyun”u da qələbəsiz tərk etdi. İndiyədək bu arenada qələbə qazanmayan “Neftçi” 6 dəfə uduzduğu stadionda, 7-ci dəfə heç-heçə ilə kifayətləndi.

 

2707-yə davam

 

“Xəzər Lənkəran”la səfər oyunlarından birini “Dalğa Arena”, birini Cəlilabad stadionu, ikisini isə Lənkəran Olimpiya Kompleksinin meydanında keçirən “Neftçi” hər iki qələbəsini sonuncu arenada qazanıb. Son belə uğuru 2007-ci il noyabrın 10-na təsadüf edən bakılılar ardıcı 13-cü səfərdən qələbəsiz qayıdır. Həmin vaxt 1:0 hesabı ilə qalib gələn qonaqlar 2707 günlük həsrətə son qoya bilmədi. Bu seriya ən azı növbəti mövsümədək davam edəcək. Son 13 ev oyununda 5 qələbəsi olan “Xəzər Lənkəran” 8 dəfə 1 xalla kifayətlənib.

 

“Sülh” sindromu

 

“Xəzər Lənkəran”ın ev sahibi olduğu ardıcıl 4-cü “Böyük oyun” heç-heçə nəticələnib. 2013/14 mövsümündə olduğu kimi, 2014/15 mövsümündə də cənubluların meydanında qalib bəlli olmayıb. Bunlardan birincisi qolsuz başa çatıbsa, ardıcıl 3-cü dəfə 2:2 hesabı qeydə alınıb. Maraqlıdı ki, Lənkərandakı son iki matçda bakılılar 2:0 hesabı ilə öndə olsa da, oyun sonda bərabərlik yekunlaşır.

 

75-ci qol

 

Lənkərandakı qarşılaşmada vurulan 2-ci qol iki komanda arasındakı görüşlərdə 75-ci top olub. Bu oyunadək çempionat, kubok və Superkubok matçlarında “Neftçi” 41, “Xəzər Lənkəran” 32 dəfə fərqlənmişdi. Qonaqları 2:0 hesabı ilə önə keçirən top 37-ci görüşə təsadüf edən 75-ci qol olub. “Böyük oyun”larda qol hesabını açan Erik Ramos yubiley topunun müəllifi kimi tarixə düşüb.

 

Vobaydan “5”

 

Ramosdan fərqli, digər futbolçular əvvəllər də “Xəzər Lənkəran” – “Neftçi” oyunlarında rəqib qapısına yol tapıb. Rahid Əmirquliyev 2-ci, Manuel Skarlatake 3-cü dəfə paytaxt təmsilçisini məyus edib. Cənubluların qapısına 2-ci dəfə qol vuran Julius Vobay isə əks düşərgədə də 3 dəfə fərqlənib. Hər iki komandada “Böyük oyun”larda qol vuran yeganə futbolçu olan syerra-leoneli ümumilikdə 5 dəfə azarkeşləri ayağa qaldırıb. O, bununla 4 qola sevinən Zaur Tağızadəni arxada qoyub. Vobay prinsipial rəqiblərin duellərində ən çox fərqlənənlər arasında yalnız Flavinyodan geri qalır. “Neftçi”nin braziliyalısının hesabında 8 top var.

 

Qeyd edək ki, 37-ci “Böyük oyun”da 16-cı heç-heçə gerçəkləşib. Bu matçlarda “Neftçi” 12, “Xəzər Lənkəran” 9 dəfə qalib gəlib.