[b]“Ağ-qaralar” 9 arzusunda[/b]
20.04.2015 - 15:06
[b]“Ağ-qaralar” 9 arzusunda[/b]

Azərbaycan kubokunun sabah keçiriləcək yarımfinal mərhələsinin cavab oyunları finalçıların adlarına aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, 23-cü dəfə təşkil olunan yarışda 21 dəfə final matçı baş tutub.

 

2001/02 mövsümü yarımçıq qaldığından həmin vaxt final keçirilməyib. Arxada qalan 21 finalda 16 komanda oynamaq imkanı əldə edib.

 

Yenə finalın 1 addımlığında olan “Neftçi” artıq 8 dəfə həlledici matçın iştirakçısı olub. Bu göstəricisə rekordçu olan “ağ-qaralar” “9”a çatmaqla öz nailiyyətini yeniləyə bilər. Paytaxt təmsilçisi əvvəlki 8 finalın 6-da qalib gəlib.

 

Bu göstəricidə 2-ci olan “Qarabağ” da öz nəticəsini daha da yaxşılaşdıra bilər. 6 dəfə final həyəcanı yaşayan Ağdam təmsilçisi “7”nin astanasındadı. Əyalət klubu indiyədək 3 dəfə kuboku başı üzərinə qaldırıb.

 

5 dəfə finala yüksələn “Xəzər Lənkəran” 3-cü göstəriciyə malikdi. Lakin kubokun 4 qat qalibinə şərik peyda ola bilər. Bunun üçün 4 dəfə həlledici matçda oynayan (həmişə də məğlub olan) “İnter” sabah mərhələ adlamalıdı.

 

“Bankirlər” kimi “Kəpəz” də 4 dəfə kubok mövsümünün son matçınadək irəliləyib. “Bakı” 3, “Şəmkir”lə “Bakı” 2 dəfə bunu bacarıbsa, “Şəfa”, “Qəbələ”, “Xəzri”, “Xəzər” (Lənkəran), “MKT-Araz”, “Karvan”, “İnşaatçı” (Bakı) və “İnşaatçı” (Sabiravad) hərəyə 1 belə uğurun sahibidi. Yarımfinalda “Qarabağ”la üz-üzə gələn “Simurq” rəqibini mübarizədən kənarlaşdırsa, bu siyahıya daxil olan 17-ci komanda olacaq.

 

Qeyd edək ki, aprelin 13-də baş tutan yarımfinal mərhələsinin ilk oyunlarında “Neftçi” “İnter”i 2, “Qarabağ” “Simurq”u 1 cavabsız qolla məğlub edib.