Bu həftə Çempionlar Liqasında 1/4 final mərhələsinə vəsiqə qazanacaq daha 4 komandanın adına aydınlıq gələcək. Apasport.az saytının məlumatına görə, 1/8 final çərçivəsində baş tutacaq qarşılaşmaların qalibləri ötən həftə mərhələ adlayan “Real”, “Volfsburq”, PSJ və “Benfika”ya qoşulacaqlar.
Madrid “Atletiko”su Hollandiyada qolsuz bərabərə qaldığı “PSV Eyndhoven”i qəbul edəcək. Son illər parlaq çıxışla diqqət çəkən Dieqo Simeonenin yetirmələri cütlüyün favoritidi. Ancaq ispanlar cavab oyununa itkilərlə çıxacaqlar.
Belə ki, Stefan Saviç və Tiaqo zədə ucbatından sabah görüşü kənardan izləməli olacaqlar. Son vaxtlar forma yığan Fernando Torres də zədədən əziyyət çəkir. Onun iştirakı isə sual altındadı. Səfərə cəzalı Qaston Pereyrasız yollanan “PSV Eyndhoven” sensasiya etməyə çalışacaq.
Kiyev “Dinamo”su ilə cavab görüşünü “Mançester Siti” üçün formal oyun saymaq olar. Çünki ukraynalıların evdə aldıqları 2 top fərqli məğlubiyyətin əvəzini İngiltərədə çıxmaları sadəcə, möcüzə nəticəsində reallaşa bilər. Hətta Kevin De Bruyne, Fabian Delf və Samir Nəsrinin yoxluğu da “şəhərlilər”ə mane olmamalıdı. Əksinə, “Dinamo”nun itkiləri daha çoxdu. Junior Moraeş, Nikolay Morozyuk, Sergey Myakuşko, Radosav Petroviç, Nikita Burda və Aleksandr Rıbka hazırda zədədən əziyyət çəkirlər. Lakin onların bəziləri meydana çıxa bilər. İstənilən halda, “Dinamo”nun “Mançester Siti” səddini keçməsi real deyil.
Son çempion “Barselona”nı da 1/4 finalda hesab etmək olar. “Arsenal”a Londonda 2 cavabsız qolla qalib gələn kataloniyalılar çətin ki, bunun revanşına imkan versinlər. Bu azmış kimi, son 7 rəsmi oyunda cəmi 1 qələbəsi olan “topçular” əla formada olan rəqib önünə bir neçə aparıcı oyunçunun xidmətindən məhrum çıxacaq. Belə ki, Petr Çex, Aleks Oksleyd-Çamberlayn, Tomaş Rositski, Santi Kazorla, Cek Uilşir, Loren Kosilnı və Mikel Arteta zədəlidilər. Bunlardan yalnız son iki oyunçunun martın 16-da meydana çıxmaq şansı var. 37 oyundu uduzmayan “Barselona”da isə əsas heyət üzvlərindən yalnız cəzalı durumda olan Xerard Pike bu görüşdə yer almayacaq.
1/8 finalın ən böyük maraq doğuran cütlüyü, şübhəsiz ki, “Bavariya” – “Yuventus” qarşılaşmasıdı. Turində qollu bərabərlik almanları bir addım öndə göstərməyə vadar edir. “Yuve” mərhələ adlamaq üçün Münhendə mütləq qol və ya qollar vurmalıdı. Komandaların tam heyətlə oyuna hazır olmaları bu görüşə marağı daha da artırır. Doğrudu, “Bavariya”da Jerom Boatenq və Holqer Badştuber oynamayacaqlar. Ancaq nəzərə alaq ki, onlar çoxdandı zədəlidilər. “Qoca sinyora”nın heyətində Martin Kaseres və Corcio Kyellininin zədəsi olsa da, ən pis halda ikincinin iştirakını gözləmək olar.
Çempionlar Liqası
1/8 final mərhələsi, cavab oyunları
15 mart
23:45. “Atletiko” (İspaniya) – “PSV Eyndhoven” (Hollandiya)
Baş hakim: Mark Klattenburq (İngiltərə)
İlk oyun - 0:0
23:45. “Mançester Siti” (İngiltərə) – “Dinamo” (Kiyev, Ukrayna)
Baş hakim: Ovidiu Alin Hateqan (Rumıniya)
İlk oyun - 3:1
16 mart
23:45. “Barselona” (İspaniya) – “Arsenal” (İngitərə)
Baş hakim: Sergey Karasyov (Rusiya)
İlk oyun 2:0
23:45. “Bavariya” (Almaniya) – “Yuventus” (İtaliya)
Baş hakim: Yonas Eriksson (İsveç)
İlk oyun - 2:2