Son günlərdə Britaniya mətbuatında Rafael Benitesin “Arsenal”ın baş məşqçisi postunda Arsen Vengeri əvəzləyəcəyi barədə xəbərlər yayılmışdı. Apasport.az saytının “Telegraph”a istinadən məlumatına görə, ispan çalışdırıcı “Nyukasl”da qalmaq niyyətindədi və müqaviləsini uzatmaq üçün danışıqlara başlamağa hazırdı.
Benites “Nyukasl”ın başında daha bir çətin keçən mövsümü geridə qoymaq üzrədi. Ötən yay klubun sahibi Mayk Eşli tərəfindən transferlər üçün büdcə ayrılacağına dair söz verilsə də, sonda bütün vədlər yalan çıxmışdı. Buna görə də, Rafanın məyus olduğu diqqətlərdən qaçmırdı.
Həftə sonu “Arsenal” üzərindəki qələbədən sonra klubun Premyer Liqada ən azından daha bir mövsüm keçirəcəyi dəqiqləşdi. Matçın ardından, Benites klubda qalmaq istədiyini, ancaq bunun üçün hər şeyin onun istəklərinin uyğun – düzgün formada həyata keçirilməli olduğunu bildirərək, Mayk Eşlinin bir il əvvəlki sözünə işarə vurmuşdu. Ancaq bəlli olan bir şey var, Benites artıq klub sahibinə qarşı əvvəlki qədər sərt münasibətdə deyil.
İspan məşqçinin yerli radiolardan birinə verdiyi son müsahibədə dediklərini də nəzərə alsaq, “Arsenal”ın istəyinə rəğmən, Benitesin “Nyukasl”la saziş yeniləməyə daha “isti” yanaşdığı görünür.