[b]“Ayağı nə günə düşmüşdüsə, adam baxmağa ürək eləmirdi” [/b]
04.04.2016 - 11:37
[b]“Ayağı nə günə düşmüşdüsə, adam baxmağa ürək eləmirdi” [/b]

Topaz Premyer Liqasının XXVIII turunda “Zirə”yə (0:1) məğlub olan “Sumqayıt” bununla yanaşı, bir futbolçusunu da itirib. Bu barədə apasport.az saytına məlumatı komandanın baş məşqçisi Samir Abasov verib.

 

Gənc mütəxəssis 30-cu dəqiqədə zədələnərək əvəzlənən Aleksandr Çertoqanovun durumunun ciddi olduğunu bildirib. Baş məşqçi millimizin sabiq üzvünün mövsümü qapamaq ehtimalının olduğunu söyləyib: “Aleksandr eyni ayağından iki dəfə xəsarət aldı. Bir epizodda hətta rəqibin butsu onun ayağını deşdi. Topuq nahiyəsindən xəsarət alıb. Ayağı nə günə düşmüşdüsə, adam baxmağa ürək eləmirdi. Durumu çox acınacaqlıdı. Hətta ayağını yerə də basa bilmir. İnşallah, sınıq olmaz. Yazıqdı, karyerasının son illəridi, futbolu bu cür tərk etməsin”.

 

“Sumqayıt”ın çalışdırıcısı mövsümün sonunda ciddi dəyişikliklər olacağını da əlavə edib. O, hətta “qara siyahı”sını müəyyənləşdirməyə başladığını da bildirib: “Artıq siyahımda 5-6 futbolçu var. Onlarla yollarımızı ayıracağımızı indidən özüm üçün qərarlaşdırmışam”.

 

Qeyd edək ki, 28 turdan sonra aktivində 28 xal olan “Sumqayıt” turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

0