“Lüksemburqa məğlub olsaq da, pozitiv məqamlara diqqət yetirməliyik. Əlbəttə ki, nəticəyə üzüldük. Ancaq çatışmazlıqlarımızı görüb, bunları aradan qaldırmalıyıq”. Apasport.az saytının məlumatına görə, bunu Malta yığmasının qapıçısı Endryu Hoqq deyib.
Martın 22-də Lüksemburqa 0:1 hesabı ilə məğlub olan yığmamızın Millətlər Liqasındakı rəqibi bu gün növbəti yoldaşlıq görüşünə çıxacaq. Tom Saintfitin yetirmələri Finlandiya ilə üz-üzə gələcək.
Qarşılaşma öncəsi yerli mətbuata açıqlama verən 33 yaşlı Hoqq bu görüşlərin Millətlər Liqasında onların köməyinə çatacağını düşünür: “İndi bütünlüklə Finlandiya ilə görüşə köklənmişik. Hamımız qarşıdakı matçı gözləyirik. Bu, Millətlər Liqasındakı oyunlar öncəsi bizim üçün faydalı imtahan, turnirə güclü hazırlaşmağımız baxımından əhəmiyyətlidi. Finlandiya ilə görüş öz gücümüzü qiymətləndirmək, həmçinin Azərbaycan, Farer adaları və Kosovo önündə nə qədər şansımızın olduğunu görmək baxımından önəmlidi. Hadisələrə optimist yanaşıram. Ümid edirəm ki, bu dəfə daha yaxşı oyun ortaya qoyacağıq. Lüksemburqla görüşdən sonra beynəlxalq futbolun sürətinə bir qədər də uyğunlaşdıq. Həm də unutmayaq ki, bunlar yoldaşlıq görüşləridi və baş məşqçi yeniliklər axtarmaq barədə düşünür. Effektli oyun vacibdi, eyni zamanda müsbət nəticə də qazanmaq istəyirik”.
Qeyd edək ki, Millətlər Liqasının D divizionunda Azərbaycan, Kosovo və Farer adaları ilə eyni qrupda yer alan Malta bu turnirdə ilk oyunlarını sentyabrın 7-də Farer adalarına, 10-da isə millimizə qarşı keçirəcək.