[b]“Azərbaycan üzərində möhtəşəm qələbə qazansaq...”[/b]
27.03.2018 - 12:38
[b]“Azərbaycan üzərində möhtəşəm qələbə qazansaq...”[/b]

“Bu oyunu hamımız səbirsizliklə gözləyirik. Ötən həftə İslandiya ilə keçirdiyimiz yoldaşlıq görüşü bizim üçün əla alındı. Həmin qələbə futbolçularda özünəinamı bir qədər də artırdı”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İrlandiya yığmasının baş məşqçisi Noel Kinq deyib.

 

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün millimizi qəbul edəcək irlandlar ötən həftə keçirdikləri yoldaşlıq görüşündə İslandiya üzərində 3:1 hesablı qələbə qazanıb.

 

Rəsmi qarşılaşma öncəsi yerli mətbuata danışan Kinq meydana qələbə üçün çıxacaqlarını söyləyib: “Mükəmməl kollektiv təşkil etmişik. Bunu dəstəkləmək lazımdı. Komandam indi yaxşı görünür. Deklan Raysın dönməsi bizim üçün əla oldu. O, komanda üçün necə vacib oyunçu olduğunu artıq göstərib. Ötən həftəsonu daha iki futbolçu kollektivə qoşulmuşdu. Bu üzdən bütünlüklə qələbə qazanacağımıza inanırıq və buna köklənmişik”.

 

Təcrübəli mütəxəssis yer aldıqları qrupu da dəyərləndirib: “Güclü qrupda çıxış edirik. Burda yüksək səviyyəli futbol oynayan komandalar var. Bu, qrupda 6-cı matçımız olacaq. Əgər Azərbaycan üzərində möhtəşəm qələbə qazansaq, qalan 4 görüşə daha yüksək motivasiyada hazırlaşacağıq”.

 

Qeyd edək ki, Dublində keçiriləcək İrlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə 22:30-da start götürəcək.