“2019-cu ildə İtaliyada keçiriləcək Avropa çempionatında yer almaq istəyirik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət İrlandiya yığmasının futbolçusu Deklan Rays deyib.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində son oyununu Azərbaycan millisinə qarşı keçirən irlandlar 99-cu dəqiqədə vurduqları qol sayəsində meydanı qalib tərk ediblər – 1:0.
Yerli mətbuata açıqlamasında komandasının qrupdakı şanslarını dəyərləndirən Rays ümidli danışıb. Əsas milliyə də çağırılan 20 yaşlı müdafiəçi qrup birinciliyinə iddia etdiklərini bildirib: “İndiyə qədər İrlandiyanın U-21 yığması heç vaxt böyük turnirdə iştirak etməyib. Biz ilki bacarmaq arzusundayıq. Azərbaycan üzərində qələbə ilə bu baxımdan önəmli addım atdıq. Birincilik uğrunda mübarizə apardığımızdan, üzərimizdə təzyiq hiss edirik. Azarkeşlərimizə demək istəyirəm ki, oyun-oyuna irəliləmək istəyirik”.
Qeyd edək ki, 6 matçda 13 xal toplayan İrlandiya yığması lider Almaniyadan 3 xal geri qalır və əsas rəqibindən 1 oyun az keçirib. Qrup sonuncusu olan millimizin isə aktivində cəmi 1 xal var.