“Döyüşdük, sona qədər mübarizə apardıq. Baş məşqçinin tapşırdığı kimi oynadıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Makedoniya yığmasının futbolçusu Kire Ristevski deyib.
Antalyada millimizlə yoxlama görüşü keçirən makedoniyalılar 1:1 hesablı heç-heçə ediblər.
Ölkəsinin mətbuatına açıqlama verən Ristevski matçla bağlı fikirlərini bildirib. Macarıstanın “Vaşaş” klubunda çıxış edən 28 yaşlı mərkəz müdafiəçisi istədikləri nəticəyə imza ata bilmədiklərini deyib: “Meydana qələbə üçün çıxmışdıq. Bunu bacarmadığımız üçün təəssüflənirik. Qol buraxdıqdan sonra təslim olmadıq, hücumlarımızı davam etdirdik. Bunun məntiqi nəticəsi olaraq, hesabı bərabərləşdirdik. Amma artığını edə, yəni qələbə qolunu vura bilmədik. Əslində, hesabda önə keçmək üçün şansımız oldu. Lakin əldə etdiyimiz qol imkanını dəyərləndirə bilmədik, fürsəti qaçırdıq”.
Qeyd edək ki, Riçard Almeydanın 6-cı dəqiqədə penaltidən hesabı açdığı oyunda yekun hesabı 22-ci dəqiqədə elə penaltidən fərqlənən Aleksandr Traykovski müəyyənləşdirib.