“Azərbaycanda keçiriləcək elit-raundda məqsədimiz qrupu lider kimi tamamlayıb, final mərhələsinə vəsiqə qazanmaq olacaq. Fikrimcə, bizim buna gücümüz çatar”. Apasport.az saytının məlumatına görə, bu sözləri Xorvatiyanın U-17 yığmasının baş məşqçisi Dario Başiç deyib.
Bakı səfəri öncəsi yerli mətbuata açıqlama verən gənc çalışdırıcı yığmamızın çıxışına da münasibət bildirib: “İlk oyunu ev sahibinə qarşı keçirmək işimizin çətin olacağını göstərir. Ancaq bu amil məni sevindirir. Çünki futbolçularım ilk matçdan güclü olduqlarını sübut etməyə çalışacaqlar. Azərbaycanın İsveçrə və Belçika ilə oyunlarına baxmışıq. Nələri etməməli olduğumuzu yaxşı bilirik. Digər rəqiblərimizdən Portuqaliya hazırda Avropanın ən güclü komandalarından biridi. İstənilən halda, hədəfimiz qrup səddini aşmaqdı”.
Qeyd edək ki, martın 17-dən 22-dək Bakıda U-17-lər arasında Avropa çempionatının elit-raund mərhələsi çərçivəsində II qrupun oyunları keçiriləcək. Azərbaycanla yanaşı, Xorvatiya, Portuqaliya və Serbiya milliləri ilk iki yer uğrunda mübarizə aparacaqlar.