“Son vaxtlar Artyom Bezrodnının hər şeyi qaydasında idi. Yalnız bir məsələ vardı ki, o da onun rejimə əməl etməməsi idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Ukraynanın Sumı vilayətinin futbol federasiyasının prezidenti Andrey Proxoroviç deyib.
O, bir neçə gün əvvəl dünyasını dəyişən sabiq futbolçu Artyom Bezrodnının ölümünə münasibət bildirib. Proxoroviç Rusiya millisində də oynamış, Moskva “Spartak”ındakı çıxışlarından tanınan oyunçunun həyatının enişə getməsinin səbəblərini açıqlayıb. Bezrodnının spirtli içkilərə aludəçiliyindən danışan qurum başçısı Azərbaycanda çıxış etdiyi dövrün də ona pis təsir etdiyini vurğulayıb: “Məhz bu da ona təsir edə bilər. Oynamaq üçün yollandığı Azərbaycandan sonra Artyomun bütün həyatı tərsinə dəyişdi. Bundan sonra Bezrodnı gah futbola, gah da qədəhə keçdi. Bu da izsiz qalmır. Belə insanlar parlaq yaşayır. Təəssüf ki, belə tez də bizi tərk edirlər”.
Qeyd edək ki, 2004/05 mövsümündə “MKT-Araz”da çıxış edən rusiyalı ölkəmizdə çıxış etdiyi vaxtda spirtli içkilərə aludə olub. Həmin vaxtlar onun içkili vəziyyətdə İmişli qəbiristanlığında yatdığı haqda söhbətlər də yayılmışdı.