Gələn mövsüm Azərbaycan Premyer Liqasında 10 klubun iştirak edəcəyi açıqlansa da, hələ də kimlərin yarışa qatılacağı bəlli deyil. Apasport.az saytının məlumatına görə, “Bakı” gələn mövsüm də elitada mübarizə apara bilər.
“Araz Naxçıvan”la yanaşı, daha bir klubun Premyer Liqanı tərk edəcəyi və I diviziondan iki komandanın yüksək dəstəyə gələcəyi açıqlanmışdı. Hazırda I diviziona liderlik edən “Neftçala” artıq Premyer Liqaya vəsiqə qazanıb. Lakin bu, o demək deyil ki, “Neftçala”nın yüksək dəstədə mübarizə aparacağı artıq dəqiqdi. Bunun üçün klub lisenziya almalıdı.
Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov saytımıza açıqlamasında artıq bir çox klubun onlara müraciət etdiyini deyib. O, müraciət edənlər arasında turnir cədvəli baxımından işi möcüzələrə qalan “Bakı”nın da olduğunu təsdiqləyib: “Konkret klub adı çəkə bilmərəm. Çünki biz klublarla məxfilik razılaşması imzalamışıq. Amma onu deyə bilərəm ki, hazırda Premyer Liqada iştirak edən bütün klublar lisenziya almaq üçün müraciət ediblər. Həmçinin, birinci diviziondan da bir neçə komanda”.
Məmmədov hansı klublara lisenziyanın veriləcəyinə mayın 15-də aydınlıq gətiriləcəyini də əlavə edib: “Biz Lisenziyalaşdırma Qrupu olaraq lisenziya vermirik. Sadəcə, sənədləri hazırlayıb, Lisenziya Komissiyasına təqdim edirik. Mayın 15-də Lisenziya Komissiyasının iclası olacaq. Bununla bağlı qərarlar da həmin gün açıqlanacaq”.
Ruslan SADIQOV