[b]“Bakıda fiziki mübarizə ön planda olacaq” – Maykl Onil[/b]
08.06.2017 - 11:36
[b]“Bakıda fiziki mübarizə ön planda olacaq” – Maykl Onil[/b]

“Türkiyədə toplanış keçməyimizin əsas səbəblərindən biri də Azərbaycanla matç öncəsi uzun yol getməyin qarşısını almaqdı”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil deyib.

 

İyunun 10-da DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinin qonağı olacaq Britaniya təmsilçisi qarşılaşmanın hazırlıqlarını Türkiyədə keçib.

 

Onil ölkəsinin mətbuatına açıqlamasında komandasını isti hava şəraitinə uyğunlaşdırdığını söyləyib: “Son iki gün olduqca isti keçdi. Bu səbəbdən məşqlərimizi elə vaxta saldıq ki, temperatura uyğunlaşaq. Axşamlar hava bir qədər mülayim keçir. Axşam məşqlərini də Azərbaycanla oyun saatına salırıq. Günəş batdıqdan sonra da hava isti olur. Buna baxmayaraq, iqlimə uyğunlaşmaqla bağlı yaxşı hazırlıq keçmişik. Ümid edirəm ki, hava şəraiti oyunda böyük rol oynamayacaq. Komandanı buna hazırlamışam. Fikrimcə, Bakıdakı qarşılaşmada fiziki mübarizə ön planda olacaq. Təbii ki, başqa amillər də təsir göstərə bilər. Olduqca diqqətli olmalıyıq”.

 

Təcrübəli mütəxəssis zədədən əziyyət çəkən müdafiəçi Qaret Makaulinin oyuna qədər tam sağalacağını da əlavə edib: “Qaretdə hər şey qaydasındadı. Ona məşqlərdə çox yüklənmədik, bütün hazırlıqda iştirak etmədi. Özünü yaxşı hiss edir və şənbə günü meydana çıxacağına şübhə etmirəm”.

 

Qeyd edək ki, Azərbaycan – Şimali İrlandiya oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.