“Heç də zəif qrupa düşməmişik. Rəqiblərimizin hamısı çox güclüdü”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatı öncəsi təşkil edilən mətbuat konfransında Hollandiya millisinin baş məşqçisi Kis van Vonderen söyləyib.
Sabah komandasını İspaniya ilə görüşə çıxaracaq van Vonderen mətbuat konfransında turnirlə bağlı fikirlərini deyib: “Rəqiblərimiz hamıya hörmətlə yanaşırlar, amma özləri də zəif deyillər. O ki qaldı bizə, Bakıya çox iddialı gəlmişik. Məqsədimiz turnirin qalibi olmaqdı. Minimum hədəf finalda oynamaqdı. Fikrimcə, heyətimiz buna imkan verir. Özümüzə güvənirik. Komandadakı oyunçuların hamısı gənclərdi. Bu, onlar üçün ilk böyük turnirdi. Təbii ki, belə turnirdə də təcrübə qazanmaq şansları yaranır. Castin Klyuvertə Bakıda marağın böyük olması başadüşüləndi. Çox istedadlı futbolçudu. Amma hələ üzərində işləməlidi. Onu doğru yönləndirmək lazımdı. Klyuvertdə atası kimi dünya ulduzu olmaq potensialı var. Amma hələ uşaqdı. İnkişaf etsin, kişi olsun”.
Qeyd edək ki, hollandların yer aldığı D qrupundakı digər rəqibləri İtaliya və Serbiya milliləridi.