“Barselona” La Liqanın XIX turu çərçivəsində səfərdə “Eybar”ı (4:0) məğlub etsə də, bir məqam kataloniyalıları məyus edib. Apasport.az saytı xəbər verir ki, söhbət komandanın aparıcı oyunçularından olan Serxio Busketsin zədələnməsindən gedir.
Oyunun əvvəlindəcə dabanından xəsarət alan Buskets bu səbəbdən 10-cu dəqiqədə Denis Suareslə əvəzlənib. 29 yaşlı yarımmüdafiəçinin hansı müddətə sıradan çıxdığı da bəllidi. İlkin tibbi müayinədən sonra Busketsin qarşıdakı 4 həftə ərzində komandasına kömək edə bilməyəcəyi müəyyənləşib. Bu isə o deməkdi ki, Buskets Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində PSJ ilə fevralın 14-də keçiriləcək ilk matçı buraxacaq.
İspaniya yığmasının üzvü bu günlərdə MRT-dən keçəcək və bundan sonra zədəsinin nə dərəcədə ciddi olduğu tam dəqiqliyi ilə bilinəcək.
Qeyd edək ki, 2008-ci ildən “Barselona”nın əsas komandasında çıxış edən Buskets ümumilikdə 411 oyunda 12 qola imza atıb.