[b]“Bavariya”, “Şəfa” və “Xəzər Lənkəran”[/b]
03.11.2015 - 10:21
[b]“Bavariya”, “Şəfa” və “Xəzər Lənkəran”[/b]

Həftəsonu keçirilən çempionat oyunları “Bavariya”nın Almaniya Bundesliqasındakı qələbə seriyasının qırılması ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, mövsümün startında ardıcıl 10 qələbə qazanan Münhen təmsilçisi Frankfurtun “Ayntraxt” klubunun müqavimətini qıra bilmədi – 0:0.

 

Pep Qvardiolanın yetirmələrinin start seriyası UEFA-nın da diqqətindən yayınmayıb. Qurum XXI əsrdə Avropa ölkələrinin milli çempionatlarının startında 10-dan artıq - ən azı 11 qələbə qazanan komandaların siyahısını tərtib edib.

 

Cədvələ 2007/08 mövsümünə 16 qələbə ilə başlayan Lüksemburq “Düdelanj”ı başçılıq edir. Ukrayna “Şaxtyor”u 2012/13, Uels “Banqor Siti” 2010/11, İslandiya “Hafnarfyordur”u 2005-ci il mövsümünə 15 qələbə ilə start verib.

 

Ümumilikdə isə siyahıda 13 seriya yer alıb. Cədvələ heç bir Azərbaycan klubu düşməyib.

 

Belə ki, XXI əsrdə çempionatlarımızın rekordu startdakı ardıcıl 8 qələbədən ibarətdi. Bu göstərici 2003/04 mövsümündə qeydə alınıb. Həmin vaxt “Şəfa” rəqiblərinin həsəd aparacağı nailiyyətə imza atıb. Son 15 ildə 2-ci göstərici isə “Xəzər Lənkəran”a məxsusdu. Cənublular 2007/08 mövsümünə ardıcıl 7 qələbəylə start götürüb.