“Beşiktaş” evdə ən uzunmüddətli məğlubiyyətsiz oyunlar seriyasına imza atıb. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi bu göstəricidə Avropanın ən güclü 5 liqasında mübarizə aparan komandaları qabaqlayıb.
Hesabat turunda doğma meydanda “Alanyaspor”u üstələyən “qara qartallar” 40 oyundu məğlubiyyət acısı yaşamır. Şenol Günəşin yetirmələri bu matçlarda 33 qələbə qazanıb, 7 heç-heçə edib.
Maraqlıdı ki, “ağ-qaralar” ev oyunlarını 3 müxtəlif stadionda (“Vodafon Arena”, Atatürk Olimpiya Stadionu, Başakşəhər Fatih Terim Stadionu) keçirib. “Beşiktaş” doğma divarlar arasında sonuncu dəfə 2015-ci il noyabrın 29-da uduzub.
Qeyd edək ki, “böyük beşlik” klubları arasında ən yaxşı nəticə PSJ-yə məxsusdu. Parislilər “Park De Prens”də 39 matçdı yenilmir. Bu göstəricidə növbəti pillələrdə “Bavariya” (36 oyun), “Barselona” (31) və “Mançester Siti” (27) qərarlaşıb.