Cenk Tosunu “Everton”a satan “Beşiktaş” qış “transfer pəncərəsi”ndə heyətinə ulduz futbolçu qatmağı planlaşdırır. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə klubun prezidenti Fikrət Orman məlumat verib.
Tosunun gedişindən sonra hücumdakı boşluğu aradan qaldırmaq istəyən “qara qartal”ın danışıq apardığı forvardın adı rəhbərlik tərəfindən açıqlanmır. Bəzi mənbələr həmin şəxsin Zlatan İbrahimoviç olduğunu iddia edir.
Məsələ ilə bağlı qısa fikir bildirən Orman həmin transferin böyük rezonansa səbəb olacağını deyib: “Elə bir futbolçu alacam ki, hamı çaş-baş qalacaq. Bir sözlə, yer yerindən oynayacaq. Hazırda danışıqlarımızı davam etdiririk”.
“Beşiktaş”ın “Mançester Yunayted”in formasını geyinən İbrahimoviçə 1,5 illik müqaviləyə görə 10 milyon avro verməyə hazır olduğu bildirilir.