“Qəbələ” klubunun kapitanı Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- Antalya toplanışı çərçivəsində bu gün Rusiyanın “Arsenal” klubu ilə yoxlama matçında 3:3 hesablı heç-heçə etdiniz. Həm oyun, həm də toplanış haqda fikirləriniz maraqlıdı...
- Toplanış istədiyimiz kimi keçir. Məşqçi hansı tapşırığı verirsə, onu da yerinə yetiririk. Gündən-günə “artırırıq”, inkişafa doğru gedirik. Bugünkü matçda da yaxşı təsir bağışladıq. Amma sadə qollar buraxdıq. Ani diqqətsizlikdən qapımızda qollar gördük. Hücum planında isə hər şey yaxşı idi. Komanda öz stilinə uyğun hücumlarını qururdu.
- Sadə qollar buraxmağınız çempionatın ikinci yarısında sizə problem yarada bilərmi?
- Əlbəttə, bunu yaddan çıxarmaq olmaz. Hər oyundan sonra məşqçimiz təhlil aparır. Hansı səhvlər buraxdığımızı, harda necə oynamalı olduğumuzu bizə göstərir. Buraxdığımız qolun nədən qaynaqlandığını da başa salır. Bunun üzərində işləyirik. “Arsenal”la matçdan sonra da təhlil olacaq. Səhvləri düzəldəcəyik.
- “Qəbələ” ilə müqayisədə digər klublar “transfer bazarı”nda daha fəaldılar. Bu sizi narahat edirmi?
- Hələ ki, komandaya yalnız Təmkin Xəlilzadə qoşulub. Deyilənə görə, yeni hücumçu da gəlməlidi. Biz də istəyirik ki, səviyyəli forvard gəlsin. Bu alınsa, yaxşı olar. Məncə, başqa mövqelərdə isə yeni oyunçuya ehtiyac yoxdu. Hər mövqedə 2 futbolçumuz var, yəni aralarında rəqabət gedir. Bircə səviyyəli hücumçu gəlsə, kifayət edər.
- Qapıçı Aqil Məmmədov qış fasiləsində “Neftçi”yə keçsə də, bir neçə gün sonra yenidən “Qəbələ”yə qayıtdı. Onun bu hərəkətini necə qarşıladınız?
- Onunla söhbət etmişik. Biz Aqili çox istəyirik. Onun gedəcəyini gözləmirdik, heç kim bunu istəmirdi. Bəlkə də, oynamaq xətrinə getmişdi. Sonra eşitdik ki, qayıdır. Aqil canımız-ciyərimizdi. Onun komandada hər zaman yeri var.
- Qış fasiləsindən sonra çempionatda ilk oyunu “Qarabağ”a qarşı keçirəcəksiz. Məğlub olacağınız halda, xal fərqi 9-a yüksələcək...
- Düzdü, uduzsaq, fərq böyük olacaq. Qələbə qazanacağımız halda isə fərqi 3-ə endirəcəyik. “Qarabağ”la görüş bizim üçün çox önəmli oyundu. Bu komanda ilə görüşə həmişə istəkli çıxmışıq, yenə elə olacaq.
- Millinin toplanışına nə vaxt qoşulacaqsız?
- “Arsenal”la oyun bitdi. Elə indicə yığmanın qaldığı otelə yollanırıq. Milli və klub arasında razılaşma belə olmuşdu ki, bu oyundan sonra yığmanın düşərgəsinə gedək. Tanışlıq xarakterli toplanışdı. Yanvarın 30-da Moldova ilə matçımız olacaq. Özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq.
- Millətlər Liqasında Kosovo, Malta və Farer adaları ilə eyni qrupda yarışacağıq. Əksəriyyət millimizdən qrup birinciliyini gözlədiyi halda, legionerləri çoxluq təşkil edən Kosovonu favorit sayanlar da az deyil...
- Bəli, Kosovonun futbolçuları Avropa liqalarında çıxış edirlər. Onların oyununu görməmişəm. Sadəcə, heyətə görə əsas rəqibimiz olduğunu deyirik. Lakin heç bir rəqibi kiçiltmək lazım deyil. Hədəfimiz qrup birincisi olmaqdı. Kağız üzərində bunu etmək realdı. Amma iş meydançaya gələndə məsələ çətinləşə bilər. Futboldu, bir də görürsən ki, gözlənilməz nəticə qeydə alınır.
Tengiz MƏMMƏDOV / Antalya