“Maraqlı oyun keçdi. İkinci hissədə daha yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin hücumçusu Pərdis Fərcad-Azad deyib.
Milli komandamızın sabiq üzvü Topaz Premyer Liqasının XXVI turunda “Qəbələ” ilə keçirilən səfər matçını (1:1) dəyərləndirib. O, nəticənin oyuna görə olduğunu bildirib: “Hər iki komanda qələbə qazana bilərdi. Həm “Qəbələ”nin, həm də bizim qol imkanlarımız oldu. Fikrimcə, 1:1 ən ədalətli hesabdı”.
Pərdis “Qəbələ”yə qarşı keçiriləcək ölkə kubokunun final görüşünə də toxunub. O, həlledici qarşılaşmanın Qəbələyə salınmasının “Keşlə”yə mənfi təsir etməyəcəyini hesab edir: “Final bir az fərqli olacaq. Hər iki komanda meydana daha istəkli çıxacaq. Final görüşləri həmişə başqa cür olur. Həlledici matçın Qəbələdə keçirilməsinin meydan sahibləri üçün üstünlük olduğunu düşünmürəm. Çünki stadion elə də böyük deyil ki, çox sayda azarkeş gəlsin. Şanları yarı-yarıya hesab edirəm. İnşallah, biz qalib gələrik”.
“Keşlə” ilə müqavilə müddəti bitmək üzrə olan forvard başqa təkliflər aldığını etiraf edib: “1-2 təklif var. Həm yerli, həm də xarici klublardan maraqlananlar var. Amma “Keşlə” ilə hələ danışmamışam”.