[b]“Bu, İtaliya futbolu üçün böyük qələbədi” – İtaliya Futbol Federasiyasının prezidenti[/b]
11.10.2015 - 00:31
[b]“Bu, İtaliya futbolu üçün böyük qələbədi” – İtaliya Futbol Federasiyasının prezidenti[/b]

Avro-2016-nın seçmə qrup mərhələsi çərçivəsində sonuncu ev oyununu keçirən yığmamız İtaliya millisinə məğlub olub. Matç başa çatdıqdan sonra İtaliya Futbol Federasiyasının prezidenti Karlo Taveççio apasport.az saytının əməkdaşının suallarını cavablandırıb.

 

- Qələbə hər zaman şirin olur. Qrupun heç də favoritləri sırasında yer almayan komanda ilə matçda qazanılan 3 xal necə, sizə sevindirirmi?

- Futbolda böyük və ya kiçik komanda olmur. Təbii ki, hər bir qələbə bizi sevindirir. Çünki bu uğurun arxasında bir komanda işi dayanır. Azərbaycanla oyunda qazandığımız qələbə bizim üçün çox vacib idi. Bu, hətta deyərdim ki, İtaliya futbolu üçün böyük qələbədir.

 

- Qələbənin bu qədər əhəmiyyətli hesab etməyiniz nədən irəli gəlir?

- Çünki ötən il Braziliyada keçirilən dünya çempionatındakı uğursuzluqdan sonra biz Avropa Çempionatının final mərhələsinə vəsiqə qazandıq. Bu baxımdan matçın əhəmiyyəti, eləcə də qələbə bizi çox sevindirdi.

 

- Baş məşqçi Antonio Konteyə kifayət qədər dəstək verirsinizmi?

- O, bizim üçün çox əhəmiyyətli məşqçidi. Onun işindən razıyıq. Federasiya olaraq baş məşqçinin arxasında dayanırıq və onu dəstəkləyirik. Konte işini sevən mütəxəssisdi. Bu gün komandamız da düzgün oynadı. Bakıda hansısa sensasiyaya imkan vermədi.

 

- İtaliyada çətinliklə qələbə qazanmışdınız. Bakıda isə işiniz asan oldu.

- Biz öz işimizi asanlaşdırdıq. Düzgün oynadıq, şanslardan istifadə etdik. Hücumda yaxşı oynadıq. Yenə deyirəm, dünya çempionatındakı uğursuzluqdan sonra toparlanmaq, gücümüzü göstərməyi bacarmağımız lazım idi.

 

- Konte ilə yeni müqavilə imzalanacaqmı?

- Biz onunla əməkdaşlığı davam etdirmək istəyirik. Amma bu Avropa Çempionatından sonra məlum olacaq. İndiki halda biz final mərhələsinə vəsiqəni təmin etmişik. Son matçımızı isə Norveçə qarşı keçirəcəyik. Məqsədimizə çatsaq da, son matçımızı da qalib başa vurmaq istəyirik.

0