“Çətin oyun olacağını bilirdik. “Qəbələ”nin potensialına bələdik. Düşünürəm ki, qol vurmaq imkanlarımız oldu, ancaq sona 3 tur qalmış qazanılan bir xal da fərqin davam etməsinə səbəb oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Miçel deyib.
Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ” “Qəbələ”ni qəbul edib. Qolsuz bərabərliklə başa çatan oyundan sonra ağdamlıların ispan oyunçusu qısa açıqlama verib.
- Qarşıdakı oyunlar haqqında nə düşünürsüz?
- Eyni tempdə davam etməliyik. Bütün oyunlar çox çətin olacaq. İşləmək lazımdı. Aradakı fərqin qalmasının arxayınçılığa səbəb olacağını düşünmürəm. Əksinə, bütün futbolçular dərk edir ki, hər oyun fərqlidi. Çempionluğun astanasında səhv etmək olmaz.
- Əgər bu gün komanda qalib gəlsəydi, çempionluq demək olar ki, təmin edilmiş olacaqdı. Nə mane oldu?
- Biz oyuna qələbə üçün çıxmışdıq. Bunun üçün cəhdlər də etdik. İmkanlarımız da oldu. Sadəcə alınmadı. Çox çətin oyun oldu.