“Qarabağ”ın hücumçusu Mahir Mədətov “İnter”lə oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Bu yaşda ikinci çempionluğunu yaşayırsan. Təəssüratlarını bilmək istərdik...
- Əslində, fikirmiz oyunda qalib gəlmək idi. “İnter” cari mövsümdə məğlub edə bilmədiyimiz yeganə komandaydı. İndiyə qədər belə bir göstərici olmamışdı ki, “Qarabağ” mövsüm ərzində hansısa komandanı yenə bilməsin. Çempionluq ikinci planda idi, bu seriyanı qırmaq istəyirdik. İkinci çempionluğumu yaşadığıma görə, xoşbəxtəm.
- “Kəpəz”in “Qəbələ”ni yenəcəyini və günü çempion kimi başa vuracağınızı gözləyirdinizmi?
- Həmin matçı izləmirdim. Oyun başa çatdıqdan sonra “Kəpəz”in qələbə qazandığını eşitdik.
- Erkən qol sanki rəqibi “sındırdı”...
- Bu gün bizim günümüz idi. “İnter”in gücünə bələd idik. Təsadüfi deyil ki, iki oyunda uduzub, bir matçda heç-heçə etmişdik.
- Çempionatın gedişində hansı oyunu qırılma nöqtəsi hesab edirsiniz? Yəni həmin oyundan sonra çempion olacağınıza daha çox ümid yarandı...
- Bütün oyunlar vacibdi. “Qəbələ”nin xal itirdiyi, bizim isə qalib gəldiyimiz bütün oyunları qırılma matçı hesab edirəm.
- “Qızıl dubl” haqda nə düşünürsüz? Hazırda buna çox yaxınsız...
- “Qəbələ”də motivasiya 2 qat olacaqsa, bizdə 5 qat olacaq. Çünki “qızıl dubl” etmək istəyirik. Final günü hər şey aydınlaşacaq.
- Mətbuatda Portuqaliyanın “Tondela” klubuna keçəcəyiniz yazılır...
- “Qarabağ”la müqaviləm var, komandamda qalıram. Bu haqda düşünmürəm. Bayaq aşağı enəndə Maksim Medvedev dedi ki, Portuqaliyaya gedirsən, xəbərimiz yoxdu. Təbii ki, bu bir zarafat idi. Mən də mətbuatdan oxumuşam.
- Getmək haqda düşünürsünüzmü?
- “Qarabağ”la müqaviləm davam edir. Üstəlik, real bir təklif olsun ki, düşünüm. Hələ belə təklif yoxdu. Mətbuatdan oxuduğum xəbərdi. Əlbəttə, ciddi təklif olsa Avropada özümü sınamaq istərdim.