Avropa Liqasının yarımfinal mərhələsinin cavab görüşləri çərçivəsində dünən keçirilən “Dnepr” – “Napoli” matçından sonra insident yaşanıb. Apasport.az saytı xəbər verir ki, “Dnepr”in finala vəsiqə qazanmasından hədsiz dərəcədə sevinən ukraynalı azarkeşlər bu uğuru çılğın şəkildə qeyd ediblər.
Belə ki, hakimin final fiti səslənən kimi minlərlə azarkeş meydana axışıb. Onları sakitləşdirmək üçün “Dnepr”in futbolçuları Denis Boyko və Artyom Fedetski Ukraynanın dövlət himnini oxumağa başlayıblar. Ancaq bunun heç bir təsiri olmayıb. Aqressiv azarkeşlər “Napoli”nin fanatlarının əyləşdiyi sektora tərəf qaçaraq, onları təhqir edib, oturacaq “atəşinə” tutublar.
Nəticədə polislərlə yerli fanatlar arasında insident yaşanıb. Polis bir qrup azarkeşi sektorun yuxarı hissəsinə sıxışdırıb.
Fedetski mikrofon vasitəsilə azarkeşlərə müraciət edərək, onların tribunalara qayıtmasını xahiş edib. Çılğın fanatlar hər iki qapını sökməkdən belə, çəkinməyiblər.
Polis çətin də olsa, stadionu boşaltmağı bacarıb.
Qeyd edək ki, səfərdə keçirilən ilk görüşdə “Napoli” ilə 1:1 hesablı heç-heçə edən “Dnepr” cavab matçında 1:0 hesablı qələbə qazanaraq, adını finala yazdırıb.