Bu gün Avropa Liqasının qrup mərhələsinin IV turunda “Qarabağ”ın qonağı olacaq Ukrayna “Dnepr”i üçün matçın keçiriləcəyi stadion xoş xatirələrlə əlamətdardı. Apasport.az saytının məlumatına görə, arenanın adını daşıdığı mərhum FİFA hakimi Tofiq Bəhramov Dnepropetrovsk təmsilçisi üçün uğur təcəssümüdü.
Belə ki, əfsanəvi referi “Dnepr”in də tarixinə öz damğasını vurub. Məsələ ondadı ki, 1971-ci ildə tarixində ilk zəfərini əldə edən Ukrayna klubunun güclülər dəstəsinə çıxması məhz Bəhramovun final fiti ilə rəsmiləşmişdi.
İndi 43 illik tarixi xatırlayan Dnepropetrovsk təmsilçisi bu soyadın yenə onlara uğur gətirəcəyinə ümid edir. Axı sonradan iki dəfə SSRİ çempionu olan komanda I dəstədən qurtulanda azərbaycanlı hakim iş başında olmuşdu.
1971-ci il oktyabrın 15-də “Dnepr”in öz meydanında “Alqa” ilə oyununu idarə edən həmyerlimiz meydan sahiblərinin 3:0 hesablı qələbəsini qeydə almışdı. I dəstənin oyununu izləyən 35000 tamaşaçı hər 3 qolu ilk hissədə görmüşdü.
Bununla, çempionatın sonuna 4 tur qalmış xal hesabını 58-ə çatdıran “Dnepr” vaxtından əvvəl güclülər dəstəsinə vəsiqəni təmin etmişdi. Bu üzdən də məhz “Alqa” ilə matç tarixi sayılır.