[b]“Elə bilirdim ki, 25000 qolu tək vurmuşam”[/b]
07.11.2016 - 17:21
[b]“Elə bilirdim ki, 25000 qolu tək vurmuşam”[/b]

“Mançester Yunayted”in hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlama ilə diqqət çəkib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, o, Premyer Liqa tarixində 25000-ci qolun müəllifi olub.

 

XI turda “Suonsi” ilə səfər qarşılaşmasında dubl edən isveçli forvard yubiley qolu ilə bağlı suala özünəməxsus şəkildə cavab verib: “Premyer Liqada yubilyar olduğumdan xəbərsiz idim. Elə bilirdim ki, mən təkbaşıma 25000 qol vurmuşam”.

 

İbra qarşılaşmanın 76-cı dəqiqəsində sarı vərəqə aldığı epizoda da münasibət bildirib: “Əsas odu ki, komandam qələbə qazandı. Qol vurmaq sonrakı məsələdi. O ki qaldı vərəqə almağıma, İngiltərədə sərt futbol oynanıldığını düşünürdüm. Mən özüm də sərt oynayıram. Elədisə, sarı vərəqəyə nə ehtiyac var idi? Bəlkə çox yorğun olduğum üçün hakimin mənə sarı vərəqə yazdığını eşitməmişəm”.

 

Zlatan İbrahimoviç “Suonsi” ilə görüşdə dubl etməklə, həm də klub karyerası ərzində qollarının sayını 400-ə çatdırıb. “Malmö”də 18, “Ayaks”da 48, “Yuventus”da 26, “İnter”də 66, “Barselona”da 22, “Milan”da 56, PSJ-də isə 156 qol vuran 35 yaşlı futbolçu “Mançester Yunayted”də aktivinə hələlik 8 top yazdırıb.

 

Qeyd edək ki, “Suonsi” üzərində 3:1 hesablı qələbə qazanan “Mançester Yunayted” 11 turdan sonra 6-cı pillədə qərarlaşıb.