[b]“Elə bir insan yox idi ki, bunu deməsin” – Fikrət Hüseynov[/b]
05.07.2016 - 17:03
[b]“Elə bir insan yox idi ki, bunu deməsin” – Fikrət Hüseynov[/b]

AZAL-ın vitse-prezidenti, Klublar Komitəsinin sədri Fikrət Hüseynovun apasport.az saytına müsahibəsi

 

- Ramin Musayevin ardıcıl 3-cü dəfə Peşəkar Futbol Liqasının (PFL) prezidenti seçilməsini necə qarşıladız və geridə qalan 8 il ərzində bu qurum hansı işləri görüb?

- Bu müddət ərzində eniş də olub, inkişaf da. 8 il ərzində irəliləyiş var. Düzdü, maliyyə məsələsi ilə əlaqədar, çempionatda bu gün 8 komandanın qalması futbolumuz üçün bir balaca yaxşı hal deyil. İclasda da fikirlərimi bildirdim. Deyildi ki, bu, müvəqqəti haldı və tezliklə aradan qaldırmaq lazımdı. Ramin müəllimi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Əsas məsələlərdən biri Hakimlər Komitəsidi. Sponsorların bu gün klublardan əl çəkməsinin 20-25 faizi hakimliklə bağlıdı. Deyirlər ki, biz bu cür hakimliklə razılaşmırıq. Klublar Komitəsinin iclasında da bu məsələ tez-tez müzakirə olunur. Lakin ümumi götürsək, hakimlikdə də irəliləyiş var.

 

- Digər klublarla müqayisədə AZAL transfer çalışmalarına gec başladı. Durğunluq maliyyə problemi ilə bağlı idi, ya səbəb başqadı?

- Bu gün bütün klubların maliyyə problemi var. Elə buna görə də, Premyer Liqamızda 8 komanda iştirak edəcək. Böhran deməzdim, amma maliyyə problemi mövcuddu və çox sponsorlar bu gün komandalardan uzaqlaşırlar. Hazırlığa çox gec başlamadıq, planımızı elə qurmuşduq. 8 komanda iştirak edəcəyindən, ola bilsin, çempionat avqustun əvvəlində yox, ortasında başlasın. İkincisi, biz avrokuboklara düşməmişik. Hazırlığa tez başlayanlar avrokuboklara hazırlaşan komandalar idi. Hazırda seleksiya işləri aparırıq. Komandanın “skeleti” 90 faiz qalır.

 

- Amma kapitan Rail Məlikovun timsalında komandadan ayrılanlar da oldu...

- Railin müqaviləsi bitdi və getdi. Bu gün çox şey pulun üstündədi. Bizim təklif etdiyimiz məbləğlə Rail Məlikov razılaşmadı. Ötən mövsüm AZAL-da ona verilən məbləğ qarşısında oynadı, kiminsə xoşuna gəldi və ayrı kluba keçdi. Mənə elə gəlir ki, AZAL Rail Məlikova yeni klubunun ona artıq qiymət verməsində kömək oldu.

 

- Yay “transfer pəncərəsi”ndə heyətə başqa yeni oyunçular cəlb olunacaqmı?

- Gözlənilir. Qapıçımız Stanislav Namaşko komandaya qayıtmalıdı. Onunla razılığa gəldik. Raildən savayı, Murad Səttarlı getdi. Müqaviləsi bitən bəzi futbolçuları isə məşqçi istəmədi.

 

- Büdcənin aşağı olması gələn mövsüm AZAL-ın işini bir qədər də çətinləşdirməyəcək?

- Ola bilər, çətinləşdirsin. Biz yenə eyni heyətlə oynayacağıq. O biri klublardan fərqli, legionerlər götürməmişik. Əlbəttə ki, çətin olacaq.

 

- Qorxu varmı ki, gələn mövsüm 8 komandanın arasında sonuncu pilləyə əsas namizəd məhz AZAL-dı?

- Keçən mövsüm ilk 5 turdan sonra bizim çempionatdan düşəcəyimizi deyirdilər. Çünki xalımız yox idi və qol vura bilməmişdik. 5 oyunun hamısında məğlubiyyətə uğramışdıq. Elə bir insan yox idi ki, həmin vaxt AZAL-ın Premyer Liqanı tərk edəcəyini deməsin. Biz baş məşqçi Tərlan Əhmədova təşəkkürümüzü bildiririk. Doğrudan da, gözəl kollektiv qurub. O büdcənin qarşılığında Tərlan müəllimin ötən mövsüm elə komanda formalaşdırması yalnız alqışalayiq idi. AZAL-ın illər öncəki büdcəsi indikindən bəlkə də, 50-70 dəfə artıq olub. Amma güclü futbolçular gətirdiyimiz vaxtlarda 46 xal yığa bilməmişdik. Nəzərə alın ki, hələ əvvəlki 5 turda uduzmuşduq. Bu, futboldu və hadisələrin necə cərəyan edəcəyini hardan bilmək olar? Avropa çempionatında İslandiya İngiltərə kimi futbolun yaradıcısına qalib gəldi. Futbolda hər nəticə mümkündü. Keçən il elə bir komanda olmadı ki, ondan xal və ya xallar götürməyək. “Qarabağ” və “Neftçi”dən tutmuş hər bir komanda ilə görüşdə bunu bacardıq. İndi də o yolla davam edəcəyik.

 

- Sədri olduğunuz Klublar Komitəsinin təşəbbüsü ilə legioner rüsumu və cərimələrin məbləği azaldıldı. Komitənin qarşısında duran sonrakı prioritet məsələlər hansılardı?

- 4-5 aylıq müzakirədən sonra uğurumuz oldu. Sevindirici haldı ki, bir nəticəyə hasil ola bildik. Maliyyə problemi ilə qarşı-qarşıya qaldığımız bir vaxtda legioner rüsumunun 5 min manata endirilməsi böyük şeydi. AZAL legioner almır, mən bunu öz klubumuz üçün yox, legioner gətirənlər üçün edirdim. Cərimələrin də azaldılmasına nail olduq. Gündəlikdə daha 2-3 məsələ var. Allah qoysa, çempionat öncəsi yenidən yığışacağıq.

 

Tengiz MƏMMƏDOV

0