“Həftəiçi Avropa Liqasında oyun keçirmək bizə kömək etmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Fiorentina”nın baş məşqçisi Paulo Souza deyib.
Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan Florensiya təmsilçisi ötən həftəsonu İtaliya çempionatında “Sampdoriya” ilə heç-heçə (1:1) oynayıb.
İtaliya mətbuatına açıqlama verən Souza komandasının hazırkı durumunu dəyərləndirib. Portuqaliyalı çalışdırıcı həftəiçi “Slovan”la keçirdikləri matçdan (3:0) sonra çempionat görüşünə hazırlaşmağın asan olmadığını bildirib: “Sampdoriya” ilə qarşılaşmada keyfiyyətli hücumlar qurduq, xüsusən, cinahlarda təhlükəli idik. Təbii ki, nəticə bizi qane etmir. Amma komanda yaxşı oyun göstərdi. Qələbə qazanmaq üçün çoxlu qol imkanımız oldu. Həftənin 4-cü günü Avroliqada meydana çıxandan sonra “Sampdoriya” kimi komanda ilə matçda istər-istəməz yorğunluq hiss edilir. Yəni Avroliqanın oyunları işimizi çətinləşdirir”.
Souza “Fiorentina”nın müdafiə xəttinin son oyunlardakı çıxışından razı qalmadığını vurğulayıb: “Müdafiəçilərimizin çıxışı məni narahat edir. Bütün qolları arxa xətdəki səhvlərdən sonra buraxırıq. Növbəti görüşlərə kimi bunu təhlil edəcəyik. Az qol buraxmağın üzərində çox çalışırıq. Qalib gəlmək vacibdi. Çünki qələbə komandaya özünəinam gətirir”.
Qeyd edək ki, Avroliqanın qrup mərhələsində 4 turdan sonra 10 xal toplayan “Fiorentina” birinci pillədə qərarlaşıb və ən yaxın izləyicisi olan “Qarabağ”ı 3 xal qabaqlayır.