“Berti Foqts daha çox müdafiə futboluna üstünlük verirdi. Bu da Azərbaycan millisində özünü doğrultmadı. 3 oyun ard-arda məğlub olduqdan sonra belə problemlərin ortaya çıxacağı bəlli idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin deyib.
Türkiyəli mütəxəssis Berti Foqtsun Azərbaycan millisindən istefa verməsindən danışıb: “Artıq Foqts yığmanın baş məşqçisi deyil. Bundan sonra önəmli olan odu ki, hansı işlər görüləcək? Mənim ümidim odu ki, Azərbaycan futbolu daha yüksək yerlərə gəlsin. Çünki yaradılan şəraitə görə bu ölkənin futbolu Avropada çox geridə qalmamalıdı. Azərbaycan klubları Avroliqada, Çempionlar Liqasında pley-off, qrup mərhələsində oynayırlar. Bu inkişafın fonunda yığma da yaxşı çıxış etməlidi. Millini çox yaxşı yerlərə gətirə biləcək, uğurlu çıxış etdirə biləcək məşqçilər var”.
Çətin yığmaya yerli məşqçinin gətirilməsini daha məqsədəuyğun sayıb: “Düzdü, əcnəbi güclü məşqçilər var. Amma yığmaya indiki halda yerli baş məşqçi lazımdı. Uzun illər Berti Foqts işlədi və nəticə olmadı. Yerli mütəxəssis gəlsə, AFFA ilə əl-ələ verib yaxşı işlər görə bilərlər. Hər hansı bir millinin inkişaf etməsində həmin ölkə klublarının rolu böyükdü. Hər bir futbolçu klubundan gəlir. Onların fiziki, psixoloji durumu, nizam-intizamı onlara klubda aşılanır. Yaxşı və ya pis. İndi hər kəs əl-ələ verib Azərbaycan millisi üçün çalışmalıdı. Berti Foqts getdi, “hər şey əla olacaq” demək düzgün deyil. Belə fikirləşmək də olmaz”.