“Qarabağ” bu gün ən uğurla futbol oynayan və ən vacibi Qarabağın adını dünyaya Azərbaycan parçası kimi təqdim edən çox önəmli klubdu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl deyib.
Bu gün klubun bazasında mətbuat konfransı keçirən Gözəl çıxışına belə davam edib: “Hüquqlarımızı tanıdarkən yanımızda ürəklərini Azərbaycana verən dostlarımız var. Bunlardan biri əziz dostum Tomas Qultsdu. O, Azərbaycanın dünyada tanınmasında böyük zəhməti olan insandı. Bunda köməyi dəyən Şakir Eminbəyliyə də minnətdaram. Bu dəstəyə istədim ki, hədiyyələrimizlə cavab verək. Bu filmin baş qəhrəmanı bizlərə bu cür ölkə bəxş edən Heydər Əliyevdi. Azərbaycan sülh içində yaşayırsa, bunda onun rolu danılmazdı”.
Tahir Gözəl manatın dəyərinin düşməsinin “Qarabağ”a təsir etməyəcəyini vurğulayıb: “Pulun dəyərinin itməsi məsələsi dünyada olan bir hadisədi. Avro dollar qarşısında 25 faiz dəyərini itirdi. İndi dünyada çətin bir dövrdü. Amma “Qarabağ”ın büdcəsinə heç bir təsiri olmayıb. “Qarabağ” fenomendi”.
“Neftçi”nin idarəçiliyində edilən dəyişiklik barədə danışan Tahir Gözəl “Qarabağ”da bu baxımdan hər hansı bir dəyişiklik etməyəcəklərini əlavə edib: “Neftçi”nin qərarından xəbərdaram. Ordakı insanlar öz işlərində uğur qazanmış şəxsiyyətlərdi. İnanıram ki, uğurlu olacaqlar, ağıllı insanlardı. Biz ürəyimizi “Qarabağ”a vermişik, bu ayrı. Amma “Neftçi” də önəmli klubdu. Mənim üçün “Neftçi” – “Qarabağ” oyunu şirlər savaşıdı. Amma biz sistemimizdən razıyıq. Bir ailə olmuşuq. Biz belə bir dəyişiklik etmək fikrində deyilik”.
Çıxışdan sonra Gözəl T. Qoltsa üzərində öz adı yazılan “Qarabağ” formasını təqdim edib. Həmçinin bu işdə Qoltsa kömək olan jurnalist Şakir Eminbəyli də mükafatlandırılıb.
Daha sonra Tomas Qults öz təəssüratlarını Azərbaycan dilində bölüşüb: “Çox böyük sürpriz oldu. Yol uzun və şərəflidi. Biz bu yolda getdiyimiz üçün sevinirik. Əvvəllər futbolda heç ofsaydın nə olduğunu bilmirdim. İndi də mütəxəssis deyiləm. Amma artq çox şey öyrənmişəm. Burda mənə özünəinam verdilər. Klub rəhbərliyinə minnətdarlığımı bildirirəm. Avropa Liqasnda “İnter”lə oyunda “Qarabağ”ın qolunu saymadıqları üçün ürəyim ağrımışdı. O anı hələ də unuda bilmirəm. Bu, bir qalmaqal, Ağdam klubuna qarşı haqsızlıq idi. Biz bir film yaratmışıq. Təəssüf ki, o nəticə bu film üçün dramatik bir sonu gətirdi. Hər il Xocalı ilə bağlı konfranslar olur. Amma bu klub Qarabağı bütün Avropada tanıtdı. Futbol klubu göstərdiyi nəticələrlə adından söz etdirdi. Başqa bir filmdə qaçqın düşərgələrindən çəkilişlər edilmişdi”.
Qolts ardından filmdə nələrin olduğundan bəhs edib: “Bizə dəstək verən bir təşkilat oldu. Bu filmin təqdimatı olacaq. Film guya futbol komandası haqqında çəkilib. Amma sırf futbol filmi deyil. 1993-cü ildə “İmarət” stadionunda olan son oyunla bağlı danışılıb. Quzanlıda gəzmişik, şəraitlə tanış olmuşuq. Futbol, sadəcə bir yemdi, biz başqa məqamlara da ciddi şəkildə toxunmuşuq”.
Şakir Eminbəyli də mükafata görə təşəkkürünü bildirdikdən sonra film barədə məlumat verib: “Qarabağ”ın başında duran insanlara təşəkkür edirəm. “Qarabağ”ın bu səviyyəyə gəlməsində hər kəsin müstəsna rolu var. Mənim də klubun içində olmağıma şərait yaratdığınız üçün təşəkkür edirəm. Dünyada komandası olmayan on minlərlə şəhər var. Amma şəhəri olmayan komanda azdı. Filmin təəssüratı budu. Film ingiliscədi. Bəzi futbolçularımızın da müsahibəsi var. Sabah artıq təqdim edəcəyik. Bu, sənədli filmdi. Bu film futbol klubu üzərində bütün maraqları əhatə edir. Şəhəri olmayan və bu səviyyəyə çatan bir komandadan bəhs edilir. Təki “Qarabağ”ın Avropada nailiyyəti daha böyük olsun, hətta sənədli film də çəkərik”.