[b]“Futbolçu çoxlu ev alıb, kirayəyə verməlidi”[/b] – yığmamızın müdafiəçisi
08.05.2015 - 15:35
[b]“Futbolçu çoxlu ev alıb, kirayəyə verməlidi”[/b] – yığmamızın müdafiəçisi

Maliyyə problemi ilə üzləşdiyindən “Simurq”dan ayrılan Azərbaycan millisinin futbolçusu Əli Gökdəmirin apasport.az saytına müsahibəsi 

 

- Bəzi əcnəbi futbolçular sadiqlik göstərib, mövsümün sonuna qədər “Simurq”da qalmaq qərarına gəliblər. Siz niyə belə vəziyyətdə klubu atıb getdiniz?

- Atmamışam. Sadəcə, orda qala bilməzdim. Çünki Almaniyada yoluna qoymalı olduğum çox işim var idi.

 

- Maaşınızı vaxtlı-vaxtında alsaydınız da, mövsümün gedişində çıxıb gedəcəkdiniz?

- Qardaş, 3 aydı maaşlar verilmir. Klubdan da dedilər ki, indi pul olmayacaq. Söz veriblər ki, gələn mövsümün əvvəlində pulumuzu alacağıq. Mən də evə dönmək qərarına gəldim. Çünki zədələnsəydik, müalicə xərcini də özümüz çəkəcəkdik. Bu riskə girmək istəmədim.

 

- Bəzi futbolçular FİFA-ya müraciət etmək fikrindədilər. Siz necə addım atacaqsız?

- Mənim FİFA-ya müraciət etmək fikrim yoxdu. Gələn mövsümün əvvəlinə qədər gözləyəcəm. Müqaviləmi ləğv etdim. “Simurq”un yaşayıb-yaşamayacağını gözləyə bilməzdim.

 

- “Bakı”nın ardınca “Simurq” və “İnter”in bu vəziyyətə düşməsini necə dəyərləndirirsiniz?

- Almaniyada heç bir sponsor mövsümün gedişində belə asanlıqla komandanı ata bilməz. Burda qaydalar var. Sponsor belə edərsə, böyük məbləğdə cərimə olunar. Burda hər ayın 25-də maaşlar hesaba yatırılır. İki gün gec olsa, sənə əlavə 100-200 avro cərimə pulu da ödəyirlər. Amma Azərbaycanda başqa mənzərə ilə qarşılaşdım. İlk dəfədi belə hal başıma gəlir.

 

- “Simurq”un Avrokuboka vəsiqə qazanmamağı sırf maliyyə problemindən qaynaqlandı, yoxsa digər komandalar daha güclü idi?

- Məncə, pul problemi olmasaydı, biz Avrokuboka vəsiqə qazanacaqdıq. Futbolçu “pul hər şey deyil” deyirsə, yalan danışır. Çünki hər bir insanın pula ehtiyacı var. Mən ailəmi dolandırmalıyam, övladımın gələcəyi üçün indidən nəsə etməliyəm. Futbolçu ömrü 10-15 il çəkir. Bu müddətdə pul yığmalı, sonra özünə bir iş yeri açmalıdı, çoxlu ev alıb kirayə verməlidi ki, karyerasını bitirəndən sonra işləməyə ehtiyacı qalmasın.

 

- Bundan sonra nə etməyi düşünürsünüz?

- Menecerim komandalarla danışığa başlayıb. Mənə dediyinə görə, hazırda 6 komanda ilə görüşür. Yəni klubsuz qalmayacam.

 

- Həmin komandalar arasında Azərbaycan klubu var?

- Açığı, yoxdu. Təklif olsa, məmnuniyyətlə gəlib oynayaram. Yalnız Bakı klubları üçün ora gələrəm. Amma yəqin ki, karyeramı ya Almaniya, ya da Türkiyədə davam etdirəcəm.

 

- Almaniya və Türkiyədə oynamısınız. Azərbaycan Premyer Liqası barədə fikirləriniz nələrdi?

- Azərbaycan futbolu dəyişikdi. Çox az klubun akademiyası var. Amma müqayisə aparası olsaq, deyə bilərəm ki, “Qarabağ”, “Qəbələ” və “Neftçi” Almaniyanın birinci liqasında çıxış edə bilərlər. Digərləri isə Almaniyada Regionalliqada, yəni 4-cü liqada oynaya bilərlər. Amma həmin liqadakı komandalar da çox güclüdülər. Burda əsasən “Hannover”, “Ştutqart” kimi klubların ikinci komandaları mübarizə aparır.

 

Ruslan SADIQOV