[b]“İstədiyim ehtirası görmədim” – Roman Qriqorçuk[/b]
08.04.2018 - 19:03
[b]“İstədiyim ehtirası görmədim” – Roman Qriqorçuk[/b]

“Oyunu təhlil edib, baxacağıq. İndi isə yalnız qarşıdakı kubok matçına köklənəcəyik”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Topaz Premyer Liqasının XXII turunda “Zirə”nin qonağı olan “qırmızı-qaralar” paytaxtdan 1 xalla dönüb – 1:1. Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında ukraynalı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

 

- Hakim idarəçiliyinin oyunun nəticəsinə təsiri nə dərəcədə oldu?

- Xahiş edirəm, mənə bu barədə daha sual verməyin. Hörmətsizlik olaraq qəbul etməyin. Bu cür hakimlik barədə mənə sual verməyin.

 

- Bezotosnının zədəsi nə yerdədi? Onun zədələnməsi bugünkü planlarınıza təsir etmədi ki?

- İstənilən oyunçunun zədələnməsi xoşagələn hal deyil. Ancaq bu, hansısa planıma təsir etmədi. Aqil Məmmədov bu gün yaxşı təsir bağışladı. Dmitrinin zədəsi barədə hələ məlumatım yoxdu. Növbəti günlərdə onun durumuna tam aydınlıq gələcək.

 

- Hiss olunurdu ki, “Zirə”nin oyunçuları bu qarşılaşmaya çox ciddi hazırlaşıblar. Bəs “Qəbələ”nin futbolçuları nə işlə məşğul olublar?     

- “Zirə” bizə qarşı həmişəki kimi mübarizə apardı. Bizə gəldikdə, hiss olunurdu ki, futbolçuların ağlında kubok oyunları var. Ancaq  biz çalışırıq ki, həm çempionata, həm də kuboka eyni diqqəti göstərək.

 

- Cavid Hüseynov və Daboda yorğunluq görünürdü...

- Cavid ilboyu sabit oyun sərgiləyə bilməz. Zədə və bir neçə matçlıq cəzalanması onun oyununa, hazırlığına da təsir etdi. İstənilən halda, Cavid bizim üçün vacib oyunçudu.

 

- “Qəbələ”dən ayrılacağınız deyilir. Bu, oyunçuların motivasiyasına təsir etmir?

- Bizdə bəzən motivasiya, ehtiras çatışmır. Oyundan öncə də futbolçularımda istədiyim ehtirası görmədim. O ki qaldı kiminsə komandadan ayrılmasının futbolçulara təsiri, buna inanmıram. Futbolçu meydanda öz oyununu sərgiləməlidi. Onlara tribunada sevdiyi insanlar baxır. Ən azı bunun üçün mübarizə aparmalıdı. Ancaq oyunda bəzi məqamlar da olur ki, bunlar da futbolçuların motivasiyasına təsir edir.

0